2025-ci ilin yanvar–sentyabr dövründə Azərbaycanda kredit ittifaqlarının xalis mənfəəti 100 min manata çatıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə 528 min manat zərər etmişdi.
Faiz gəlirləri 1 milyon 440 min manatdan 1 milyon 500 min manata yüksəlib, öhdəliklər üzrə faiz xərcləri isə 76 min manatdan 4 min manata azalıb. Nəticədə xalis faiz gəliri 1 milyon 364 min manatdan 1 milyon 500 min manata yüksəlib. Qeyri-faiz gəlirləri 239 min manatdan 200 min manata enib, qeyri-faiz xərcləri isə 872 min manatdan 1 mln. manata qalxıb.
Balans göstəricilərinə baxdıqda, kredit ittifaqlarının cəmi aktivləri 12.7 mln. manatdan 13 mln. manata yüksəlib. Kredit portfeli 10.9 mln. manatdan 11.1 mln. manata artıb. Nağd vəsaitlər isə 0.6 mln. manatdan 0.5 mln. manata düşüb, hesablanmış faizlər 1 mln. manatdan 1.1 mln. manata yüksəlib, digər aktivlər 0.1 mln. manatdan 0.2 mln. manata çıxıb.
Öhdəliklər 3.3 mln. manatdan 2.7 mln. manata azalıb, əsas drayver isə alınmış kreditlərin 3 mln. manatdan 2.4 mln. manata düşməsi olub.
Kapital hissəsi 9.4 mln. manatdan 10.3 mln. manata yüksəlib, bunun içində bölüşdürülməmiş xalis mənfəət 1.8 mln. manatdan 3 mln. manata çatıb, nizamnamə kapitalı isə 7.6 mln. manatdan 7.3 mln. manata enib.