AZ

İpoteka kreditlərinin həcmi 4.43 mlrd. manata yüksəlib

2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, 2025-ci ilin ilk 9 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait 47.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azdır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvəzində Fond tərəfindən yerləşdirilmiş istiqrazların həcmi 450 milyon manatdan 550 milyon manata qədər yüksələrək illik 22 faiz artım göstərib. Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin ümumi məbləği 354.4 milyon manat olub, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır. Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri isə demək olar sabit qalıb – 306.4 milyon manat.

Ümumilikdə, 1 oktyabr 2025-ci il tarixinə bankların ipoteka kreditləri portfeli 4 milyard 430.2 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni tarixindəki 4 milyard 145.3 milyon manatla müqayisədə 7 faiz artım deməkdir.

Xatırladaq ki, bir ay öncə də qeyd olunduğu kimi, 2025-ci ilin ilk səkkiz ayında Fondun ixtiyarına verilən mənbələr illik müqayisədə 8 faiz artaraq 448 milyon manata çatmışdı. Lakin dövlət büdcəsindən ayrılan vəsaitin payı azalıb, istiqraz emissiyalarının həcmi isə artıb. Bu da ipoteka istiqrazlarının Fonda daha çox vəsait cəlb etməsinə səbəb olub.

Eyni zamanda, banklar tərəfindən verilən ipoteka kreditlərinin azalması və daxili ipoteka kreditlərinin 11 faiz civarında təklif olunması bu bazarda müəyyən durğunluq yaradıb.

Seçilən
17
banker.az

1Mənbələr