“Biz Rusiyanın bizə Ermənistanı necə xilas edəcəyimizə göstəriş verməsinə imkan verməyəcəyik. Bizim kifayət qədər xilaskarımız var və erməni xalqının Ermənistandan kənarda xilaskarlara ehtiyacı yoxdur”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri və hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sarkis Xandanyan Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Avronest) 12-ci plenar iclasında deyib.
Deputat Ermənistanda siyasi məhbus olmadığına da əminliyini bildirib.
"2018-ci ildən bəri Ermənistan korrupsiya və ya suverenliyə təhdidlər məsələsində güzəştə getməyib", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, vəziyyət dəyişib və Ermənistanla Azərbaycan arasında kövrək bir sülh yaranıb. Millət vəkili əlavə edib ki, bu sülhün davamlı və möhkəm olmasını təmin etmək üçün hər şey edilməlidir.
O hesab edir ki, kommunikasiyaların açılması və TRIPP layihəsinin(Zəngəzur dəhlizi-red.) həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Orta Asiyanı Aİ-yə yaxınlaşdıracaq.
"Bu, regionda təhlükəsizliyin dəyərli qarantıdır", - deyə Xandanyan yekunlaşdırıb./AzPolitika.info/