AZ

Bakı metrosunda artıq tələbə kartları da İŞLƏYİR – Bəs güzəştlər TƏTBİQ olunacaq?

"Bakı Metropoliteni" QSC-də bank kartları ilə təmassız ödəniş sisteminin sınaq mərhələsinə start verilib. Hazırda bu proses ilkin olaraq tələbə kartları üzərindən həyata keçirilir.

Day.Az xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu yenilik "Bakı Metropoliteni" ilə "Bakıkart" şirkətinin birgə layihəsi kimi həyata keçirilir:

"Hazırda sistemin texniki işləkliyi sınaqdan keçirilir. Test mərhələsinin nə qədər davam edəcəyi barədə isə hələlik konkret məlumat yoxdur", - deyə o qeyd edib.

Artıq bəzi tələbələr sosial şəbəkələrdə bu yenilikdən istifadə etdiklərinə dair paylaşımlar ediblər. Onlar tələbə kartları vasitəsilə metro keçidlərində ödənişin uğurla aparıldığını bildirirlər.

Maraqlı sual yaranır: bank kartları ilə ödəniş sistemi tətbiq olunarsa, "TələbəPlus" layihəsi çərçivəsində metroda güzəştlər də mümkündürmü?

Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova məsələyə münasibət bildirərək qeyd edib ki, tələbə kartları eyni zamanda bank kartı funksiyasına malikdir və buna görə də sınaq mərhələsində həmin kartlardan istifadə etmək mümkündür:

"Bu yenilik təkcə tələbələr üçün nəzərdə tutulmayıb. Ümumilikdə bank kartları ilə təmassız ödəniş sisteminin sınaq mərhələsi həyata keçirilir. 'TələbəPlus' kartı həm də bank kartı statusuna malik olduğundan, bu kart vasitəsilə də metropolitendə ödəniş etmək mümkündür."

O əlavə edib ki, kartların ictimai nəqliyyat sisteminə tam inteqrasiyası həm texniki, həm də inzibati baxımdan mərhələli və kompleks prosesdir. Təhsilin İnkişafı Fondu bu istiqamətdə lazımi addımları ardıcıl şəkildə atır.

Abdulrəşidovanın sözlərinə görə, tələbələr üçün xüsusi güzəştlərin müəyyənləşdirilməsi Tarif Şurasının səlahiyyətinə aiddir:

"Fond olaraq ictimaiyyəti bu prosesin inkişafı barədə mütəmadi məlumatlandırmağa davam edəcəyik."

Seçilən
12
day.az

1Mənbələr