Şirkət süni intellekt texnologiyalarına keçid çərçivəsində 14 min nəfəri işdən azad edəcək...
Poliqon xəbər verir ki, dünyanın ən böyük texnoloji şirkətlərindən biri olan Amazon 2025-ci ildə qlobal miqyasda kütləvi ixtisarlar həyata keçirəcəyini açıqlayıb. CNN-in məlumatına görə, şirkət bu proses çərçivəsində ümumilikdə 14 min əməkdaşını, yəni ümumi işçi heyətinin təxminən 5 faizini azad etməyi planlaşdırır.
Şirkətin bəyanatında qeyd olunur ki, ixtisarlar hələ başa çatmayıb və bu addım Amazon-un süni intellekt (AI) texnologiyalarının geniş tətbiqinə uyğunlaşmaq məqsədi daşıyır. Rəhbərlik hesab edir ki, süni intellekt gələcək biznes modelinin əsas dayağı olacaq.
Amazon-un kadrlar üzrə baş vitse-prezidenti Bet Qaletti bildirib ki, bu qərar şirkətin çevikliyini artırmaq və müasir bazar reallıqlarına uyğunlaşmaq üçün atılıb:
“Dünyanın sürətlə dəyişdiyini unutmamalıyıq. Bu nəsil süni intellekt internetdən bəri ən transformativ texnologiyadır və o, şirkətlərə innovasiyaları hər zamankından daha sürətli tətbiq etməyə imkan verir. Biz daha çevik, az idarəetmə səviyyəsinə malik və daha çox məsuliyyət daşıyan bir təşkilata çevrilməliyik ki, həm müştərilərimizin, həm də biznesimizin maraqları üçün daha sürətlə inkişaf edə bilək”.
Ekspertlərin fikrincə, Amazon-un bu addımı texnologiya sektorunda qlobal tendensiyanın bir hissəsidir. Bir çox iri şirkətlər – o cümlədən Google, Meta və Microsoft – süni intellektə əsaslanan avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə bağlı restrukturizasiya və ixtisar mərhələsinə keçiblər.
Poliqon.info