AZ

“Airbus A320” təyyarəsinə nə olmuşdu? – AZAL bütün texniki çatışmazlıq ehtimallarını rədd edir

“Airbus A320” təyyarəsinə nə olmuşdu? – AZAL bütün texniki çatışmazlıq ehtimallarını rədd edir

Oktyabrın 20-də Sankt-Peterburq-Bakı reysi üzrə hərəkət edən “Airbus A320” təyyarəsində baş verən nasazlıq xeyli sualların yaranmasına səbəb oldu. “Azərbaycan Hava Yolları” QSC (AZAL) hadisə ilə bağlı açıqlama yaysa da, müəyyən məqamlar hələ də qaranlıqdır. Məsələn, şirkətin açıqlamasında təyyarəyə texniki baxışın vaxtlı-vaxtında edildiyi bildirilir. Qeyd edilir ki, hava gəmisi sonuncu dəfə sentyabrda 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan ("A-check") tam şəkildə keçib.

İlk baxışdan AZAL-ın açıqlamasında hər şey normaldır, lakin bir qədər araşdırma apardıqda məlumatın o qədər də əhatəli olmadığı aydın görünür. Məsələn, təyyarənin şassi sistemində yaranan problemin konkret nədən ibarət olması ilə bağlı hər hansı variant yoxdur. Halbuki mütəxəssislərin və internet resurslarının köməyi ilə apardığımız araşdırma nəticəsində məlum olur ki, təyyarənin şassisində problem bir neçə səbəbdən yarana bilər. Bura mexaniki və struktur nasazlıqları, hidravlik sistem problemləri, elektrik və idarəetmə xətaları aiddir.

AZAL-dan AFN.az-ın bu məsələ ilə bağlı sualına verilən cavabda bildirilir ki, ilkin məlumata əsasən, “Airbus A320-214” tipli, 4K-AZ84 qeydiyyat nişanlı təyyarədə şassi sistemində nasazlıq barədə xəbərdarlıq uçuş zamanı pilot kabinəsinin göstəricilərində qeydə alınıb: “Xəbərdarlıq Sankt-Peterburq şəhərinin Pulkovo hava limanından qalxışdan az sonra müşahidə edilib. Təhlükəsizlik prosedurlarına uyğun olaraq, uçuş heyəti vəziyyəti operativ şəkildə qiymətləndirib və AZAL-ın Baş ofisinin qərarına əsasən, hava gəmisinin geri dönməsini təmin edib”.

Mütəxəssis rəylərinə görə, “Airbus A320” təyyarələrinin şassi sistemində nasazlıq uzunmüddətli istismar nəticəsində də yarana bilər. Bu baxımdan sözügedən təyyarənin istismar müddəti, ümumilikdə neçə uçuş saatı keçirməsi təbii ki, sual doğurmaya bilməzdi. AZAL-ın açıqlamasında bu barədə hər hansı məlumat olmadığı üçün sorğumuza bu sualı da daxil etdik. Şirkətdən verilən cavabda qeyd edilir ki, aviasiyada uçuşların təhlükəsizliyi aviasiya texnikasının istismar müddətindən deyil, onun texniki qulluq və xidmətinin keyfiyyətindən, həmçinin bu işlərin müntəzəmliyindən asılıdır: “Texniki baxış və yoxlamalar üzrə normativ tələblərə tam və vaxtında riayət olunması hava gəmilərinin etibarlı istismarını və onların uçuş yararlılığının davamlı qorunmasını təmin edir.

Sözügedən “Airbus A320” təyyarəsi 2011-ci ildən Azərbaycan Hava Yolları aviaşirkətinin donanmasında istismar olunur. Ümumilikdə 41 849 saat 25 dəqiqə uçuş yerinə yetirib”.

Bəzi rəylərə görə isə həddən artıq yüklənmə də nasazlığın yaranmasına səbəb ola bilər. Şirkətin açıqlamasında bildirilir ki, təyyarə sentyabrda texniki baxışdan keçib. Bu o deməkdir ki, qəzalı vəziyyətin yaranmasına hər hansı texniki nasazlıq səbəb ola bilməz. Belə olan halda mümkündür ki, həddən artıq yüklənmə səbəbindən şassidə problem yaransın. Lakin AZAL bu ehtimalı da rədd edir: “Təyyarənin maksimum qalxış çəkisi daim nəzarət altında saxlanılır və icazə verilən texniki limitlər çərçivəsində hesablanır. Həmin uçuşda yüklənmə müəyyən edilmiş limitlərə tam uyğun olub, beynəlxalq normativlərə zidd hər hansı hal qeydə alınmayıb”.

Bəs “Airbus A320” təyyarəsi sonuncu və ondan əvvəlki yoxlamalar arasındakı müddətdə neçə uçuş saatı keçirib? Bəzi məlumatlara görə, bu hava gəmiləri 500-800 uçuş saatından, yaxud 200-400 uçuşdan sonra tam texniki baxışdan (“A-check”) keçməlidir. Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, sonuncu (sentyabr 2025-ci il) tam texniki baxış (“A-check”) keçirilənədək “Airbus A320-214” tipli, 4K-AZ84 qeydiyyat nişanlı təyyarə 745 uçuş saatı yerinə yetirib: “Bu tip təyyarələr üçün müəyyən edilmiş limit 750 saatdır. Texniki baxış normativlərə tam uyğun şəkildə və vaxtında aparılıb”.

Göründüyü kimi, AZAL-ın açıqlamasında və sorğumuza verilən cavabda hər hansı texniki çatışmazlıq ehtimalı rədd edilir. Bu halda geriyə yenə ancaq bir sual qalır: Bəs təyyarəyə nə olmuşdu?!

AFN.az Araşdırma qrupu

Seçilən
8
afn.az

1Mənbələr