Xeyli müddətdir ölkə gündəminin əsas mövzusu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun cinayət ortaqlarının işi, həmçinin sürətli bahalaşmadır. "Boz Kardinal"ın qanunsuz əməlləri barədə yeni- yeni ifşaedici faktlar ortaya çıxdıqca onun komandasında və təsir dairəsində olanların da narahatlığı və isterikası artmaqdadır. Gündəmin mövzusunu və istiqamətini dəyişmək üçün hərəkətə keçiblər. Düyməyə artıq basılıb. Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin, xüsusən Arif Hacılının AMİP və onun lideri Etibar Məmmədovu durduq yerə hədəfə alması və həmişə olduğu kimi böhtan və qərəzli açıqlamaları da məhz yuxarıda bəhs etdiyim aktual mövzulardan cəmiyyətin fikrini və diqqətini yayındırmaq məqsədi ilə həyata keçirilən uğursuz cəhddir. Müsavat Partiyası elə 2003-cü ildə də Ramiz Mehdiyevin direktiv və göstərişlərini icra edirdi. "Boz Kardinal"ı hakimiyyətə gətirmək, ya da Müsavatı süni şəkildə şişirtməklə gənc İ.Əliyevi təzyiq altında saxlamaq layihəsi var idi aralarında. Və həmin plan iflasa uğrayandan sonra "B" planı işə salındı. Ölkə boyu ixtişaşlar baş verməli, dövlət idarəetməsi iflic hala salınmalı, beynəlxalq ictimaiyyətin qınağına nail olunmalı, beləliklə xaotik bir vəziyyət yaradılmalı idi. R. Mehdiyev də özünü qabağa verib önəmli və əsas fiqur kimi şərtləri diktə etməklə real hakimiyyəti əlinə almalı idi. Göstərməliydi ki, mən olmasam hakimiyyəti saxlamaq, qorumaq və möhkəmləndirmək də mümkün deyil. 2003-cü il R.Mehdiyev-İ.Qəmbər gizli anlaşmasının əsas detalları məhz bunlardan ibarət idi. Həmin plan da gənc prezident İ.Əliyevin qətiyyəti və inamlı addımları sayəsində "onların ümidləri ilə birlikdə suya düşdü. Bu gün də cəmiyyətin bütövləşməsinə, problemlərin həlli yollarının dialoqdan kənar meydanlara daşınmasına çalışılır. İqtidar -müxalifət, həmçinin müxalifətdaxili münasibətlərin sivil qaydada qurulmasına çıxanlardan ən öndə gedənlərdən biri yenə də Müsavat Partiyasıdır. Amma yanlış hesablamalar aparılır. Dövlət də, hakimiyyət də çox güclüdür. Prezident İ.Əliyevə rəqib və maneə ola biləcək hazırda siyasi fiqur da, şəxs də yoxdur. Dövlətin gücü və qanunlar imkan verir ki, R.Mehdiyev və onun komandası, əlaltıları, ortaqları və tərəfdaşları həm xalq qarşısında, həm də ədalət mühakiməsi qarşısında hesabat və cavab verəcəklər. Buna heç kəsin şübhəsi olmasın. Tövsiyyə edərdim belə uğursuz cəhdlərdənsə istintaq orqanları ilə həmin şəxs və qruplar əməkdaşlıq edərək cinayət işinin hərtərəfli və tam açılmasına kömək etsinlər.
Əli Orucov