ain.az, Gununsesi portalına istinadən məlumat verir.
Son vaxtlar repetitorluğun ləğvi məsələsi ictimai müzakirələrin diqqət mərkəzinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, şagirdin məktəbə davam etməklə yanaşı, əlavə olaraq, repetitor yanına getməsi təhsilin keyfiyyətinə müsbət deyil, mənfi təsir göstərir.
Onların fikrincə, bu vəziyyət təhsildə yeni islahatların aparılmasının zəruriliyini ortaya qoyur.
Bəzi deputatlar “Təhsil haqqında” qanun layihəsi müzakirə edilərkən bu məsələyə toxunsalar da, hələlik Milli Məclisdə konkret qərar qəbul edilməyib.
Mövzu ilə i Gununsesi.info-ya danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, repetitorluğun ləğvi kifayət qədər ciddi məsələdir və bunu reallaşdırmaq üçün ilk növbədə onun yaranma səbəblərini aradan qaldırmaq lazımdır:
“Gəlin baxaq, repetitorluğu yaradan səbəblər hansılardır? Birinci növbədə hər bir ölkədə təhsilin səviyyəsini müəyyən edən bir neçə mexanizm var. Onlardan biri təhsil proqramlarının, kurikulumların əlçatanlığıdır. Digərləri isə abituriyentlərin hazırlıq səviyyəsi, müəllimlərin pedaqoji və elmi-pedaqoji səviyyəsi, infrastruktur, maddi-texniki baza, elektron resurslar və s.-dir.
Ancaq uzun illərdir, təxminən 30 ildir ki, biz təhsilin səviyyəsini abituriyentlərin nəticələri ilə ölçürük. Yəni, bir məktəbdən şagird yüksək bal (məsələn, 600+) toplayırsa və ya ali məktəbə qəbul olunursa, həmin məktəb “yaxşı” hesab olunur. Bu proses artıq illərlə davam edir.
Bu sistemin formalaşdığı ilk vaxtlarda məktəb direktorları özləri valideynlərə müraciət edərək deyirdilər ki, “biz dərsləri yola veririk, siz övladınızı repetitor yanına qoyun ki, məktəbin nəticəsi yaxşı olsun””.
Elşən Qafarov bildirib ki, zamanla bu, kütləviləşdi və məktəb direktorları üçün gəlir mənbəyinə çevrildi:
“Hazırda Bakı məktəblərində bəzən uşağın buraxılışı üçün 2500–5000 manat arası pul tələb edən direktorlar da var.
Repetitorluğun yaranma səbəblərindən biri də Dövlət İmtahan Mərkəzinin qəbul proqramı ilə ümumtəhsil məktəbində tədris olunan bilik və bacarıqların üst-üstə düşməməsidir. Bu səbəbdən valideynlər məcbur olur övladlarını repetitor və kurslara göndərsinlər. Hətta bəzi valideynlər “qonşudan geri qalmaq” istəmədiyi üçün uşaqlarını birinci sinifdən repetitor yanına qoyurlar.
Digər səbəb isə ağır tədris proqramlarıdır. Şagirdlər bu proqramları təkbaşına mənimsəməkdə çətinlik çəkirlər, valideynlər də kömək edə bilmir. Nəticədə repetitorluğa üz tuturlar.
Repetitorluq valideynin pulu, şagirdin isə canı hesabına başa gəlir. Burada qazanan yalnız müəllimlər və təhsil sistemidir. Çünki repetitorların və kursların nailiyyətləri məktəbin və həmin müəllimlərin adına yazılır”.
Elşən Qafarov hesab edir ki, repetitorluğu aradan qaldırmaq üçün ilk növbədə Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmi dəyişdirilməlidir.
“Qruplar üzrə deyil, ixtisaslar üzrə imtahanlar keçirilməli, buraxılış imtahanları martda və apreldə deyil, iyunda təşkil olunmalıdır. Yalnız üç fənn deyil, buraxılış fənlərinin sayı səkkizə qədər artırılmalı, şagirdlərin məktəbdəki nailiyyətləri ümumi qiymətləndirməyə daxil edilməlidir.
Beynəlxalq sistemlərdə olduğu kimi, tədris ili boyunca davam edən bal sistemi tətbiq edilməlidir və bu, birbaşa məktəbdə formalaşmalıdır.
Repetitorluğun ləğvi yaxın zamanda real görünmür, çünki bu problemi yaradan əsas səbəblər hələ də qalmaqdadır. Repetitorluq problemin özü deyil, nəticəsidir. Bu səbəblər aradan qalxmadığı müddətdə repetitorluğu ləğv etmək mümkün olmayacaq.
Hazırda ölkəmizdə repetitorluq həddindən artıq kütləviləşib. Bu, valideynin vəsaiti, şagirdin isə sağlamlığı hesabınadır. Şagirdlər gün ərzində 10–12, bəzən 14 saat dərs oxumağa məcbur qalırlar ki, bu da onların fiziki və psixoloji travmalar yaşamasına gətirib çıxarır.
Dediyimiz kimi, repetitorluğu yaradan səbəblər aradan qaldırılmayınca, bu problemi tamamilə aradan qaldırmaq mümkün deyil”-deyə təhsil eksperti fikirlərini yekunlaşdırıb.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.