AZ

Fuad İbrahimov: Beynəlxalq İncəsənət Festivalına çox sayda sənət adamları gələcəklər

BAKI, 28 oktyabr. TELEQRAF

Bakı Beynəlxalq İncəsənət Festivalına (BİAF 2025 ) həsr olunan mətbuat konfransı baş tutub.

Tleqraf xəbər verir ki, konfransda festivalın missiyası, proqramı, yeni layihələri və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Fuad İbrahimov bildirib ki, ölkəmizdə bu cür festivalların keçirilməsi çox önəmlidir: "Bakı Beynəlxalq İncəsənət Festivalına çoxlu sayda sənət adamları gələcəklər".

Müğənni, bəstəkar Aysel Məmmədova festivalın əhəmiyyətindən danışıb: "Sevinirəm ki, ölkəmizdə böyükmiqyaslı tədbir keçiriləcək. Festival insanların musiqi zövqünü formalaşadıracaq və gələcək nəsillərə müsbət təsir edəcək".

Ssenarist İsmayıl İmanov festivalda dünya şöhrətli rəqqas və xoreoqraf Şaron Eyal-ın "Delay the Sadness" əsərinin premyerasının baş tutacağını açıqlayıb: "Şaron Eyal-ın əsərləri hərəkət və emosiyanın möcüzəvi alkimiyasıdır. Onlarda bədən, səs və işıq arasında sərhəd yoxdur. "Delay the Sadness" yalnız rəqs deyil, tamaşaçıların artistlərlə birlikdə yaşadığı bir təcrübədir. Mənim üçün bu müasir rəqsin fəlsəfə və moda dili olaraq necə ortaya çıxdığını görmək üçün bir fürsətdir".

Menecer Rəşad Əliyev isə qeyd edib ki, Beynəlxalq İncəsənət Festivalı klassik musiqi və müasir teatrı özündə birləşdirəcək. Qeyd edək ki, Bakı Beynəlxalq İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 16-dək Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Festival çərçivəsində Bakının aparıcı səhnələrində dünya şöhrətli rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onlar arasında Şaron Eyal, Rober Lepaj, Daniyele Finzi Paska, Yan Lipin, Giyom Koté, Rimas Tuminas və bir çox görkəmli sənətkarlar yer alır. 28 oktyabrda keçirilən tədbirdə aparıcı incəsənət xadimləri, həmçinin yerli və beynəlxalq KİV təmsilçiləri iştirak edəcək.

Seçilən
46
teleqraf.com

1Mənbələr