Ukrayna və Rusiya arasında döyüşlər getdikcə daha da şiddətlənir. Müharibənin dinamikası artmaqda, tərəflər bir-birinə qarşı daha çox təhdid dilində çıxış etməyə başlayıblar. Bu vəziyyət beynəlxalq birlik daxilində də maraqların toqquşmasına və təhlükəli tendensiyanın formalaşmasına səbəb olur.
Milli Məclisin deputatı Sevil Mikayılova News365.az-a açıqlamasında bildirib ki, hazırda müharibə Rusiyanın ərazisinə doğru genişlənməkdədir:
“Ukrayna tərəfi döyüşləri Rusiyanın daxilinə keçirmək istiqamətində davamlı addımlar atır. Son günlərdə sərhəd bölgəsində hücumların artması və Rusiyada 19 nəfərin həlak olması barədə məlumatlar bunu təsdiqləyir. Bu, müharibənin yeni taktiki mərhələyə qədəm qoyduğunu göstərir”.
Deputat qeyd edib ki, beynəlxalq birlikdə Rusiyaya qarşı olan qüvvələrin daha sıx birləşməsi müşahidə olunur:
“Donald Trampın hakimiyyətə qayıdışından sonra Rusiya ilə danışıqların bərpası və Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində müəyyən təşəbbüslər olsa da, hazırda Qərb Rusiyaya qarşı sərt siyasət yürütməkdə davam edir. Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın ‘Rosneft’ və ‘Lukoil’ kimi enerji nəhənglərinə qarşı sanksiyalar tətbiq etməsi bu strategiyanın tərkib hissəsidir”.
Sevil Mikayılovanın sözlərinə görə, Rusiya üçün ən böyük təzyiq vasitələrindən biri enerji asılılığıdır və Qərb bu sahədə Moskvanın təsirini zəiflətməyə çalışır.