Ermənistan 2026-cı ildə hərbi xərcləri azaldacaq. Oktyabrın 27-də parlamentin daimi komitələrinin birgə iclasında müzakirə olunan növbəti il üçün dövlət büdcəsi layihəsindən bu qənaət hasil olub.
Erməni mediasının yazdığına görə, 2025-ci ilin büdcəsi ilə müqayisədə Müdafiə Nazirliyinin xərcləri 15,3% azaldılaraq 563,1 milyard dram (1,4 milyard ABŞ dolları) təşkil edəcək. Bu, ümumi büdcə xərclərinin təxminən 15,5%-i qədərdir.
Yada salaq ki, kapitulyant ölkənin keçən ilki hərbi xərclər 1.7 milyard (Azərbaycanınkı 5.1 milyard) dollar civarında olub.
Əlbəttə, rəqəmlər özlüyündə çox şey deyir. Ermənistan kimi cırtdan və yoxsul ölkə üçün qənaət edilən 300 milyon dollar isə balaca rəqəm deyil. Hərçənd orduya ayrılan 1.4 milyard dollar da yenə az məbləğ sayılmaz, hansı ki, ümumi büdcənin 15,5%-ni (!) təşkil edir...
“Biz gündəlik iş söhbətlərimizdə “döyüş qabiliyyətinə malik ordu” anlayışını “müdafiə qabiliyyətinə malik ordu”ya çevirməyi çox vacib hesab edirik. Çünki “döyüşə hazır ordu” deyəndə bu, potensial döyüşü göstərmir”.
Bunu Nikol Paşinyan dünən parlamentdə büdcə dinləmələri zamanı söyləyib.
Yəni baş nazirin ismarışı belədir ki, Ermənistan işğalçı ordu qurmağı hədəfləməyib. Hər halda yaratmaq istədikləri təəssürat bundan ibarətdir...
Ümumən Bakı və İrəvan arasında artan etimad tədbirləri fonunda pozitiv mesajdır. Konkret addımdır. Bir şərtlə ki, davamı gəlsin və sülh müqaviləsinin imzalanması üçün əsas şərt təmin olunsun – konstitusiya vaxt itirilmədən beynəlxalq hüquqa uyğunlaşdırılsın, digər normativ aktlarda da (Müstəqillik Bəyannaməsi və s.) Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı müddəalar çıxarılsın.
Eyni zamanda tələsmək gərəkdir. Zaman daralır. Gələn ilin iyununa - parlament seçkilərinədək gec ola bilər. Yaxşı olardı ki, cari ilin sonuna qədər seçkilər, 1-2 ay sonra isə konstitusiya referendumu keçirilsin, ardınca da dərhal sülh müqaviləsi imzalansın. O halda 2026-cı ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Şurasının sammitinə Azərbaycan və Türkiyə liderlərinin iştirak ehtimalı xeyli artmış olar(dı)...
Yeri gəlmişkən, “Hraparak” qəzeti bu gün yazıb ki, baş nazir və komandası növbədənkənar parlament seçkilərinə hazırlaşır. “Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, - nəşr bildirib (Axar.az).
Qəzet həmçinin qeyd edib ki, bu dəfə seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə həmin vəzifəni indiki müdafiə naziri Suren Papikyan icra edib. Məsələ də bundadır ki, erkən seçkilərə niyə gedilməsin əgər bunu təkcə daxili siyasi konyunktura yox, ümumən bölgədəki və dünyadakı məqbul şərtlər və Rusiyaya bağlı qüvvələrin fəallaşması diktə edirsə...
Başqa yandan, Ermənistana onun maliyyə-insani resursları ilə bira araya sığmayan bahalı hücum ordusu yaratmaq nəyinə gərək ki? Heç bir qonşu ölkə, özəlliklə Azərbaycan və Türkiyə ona hücum etməyə hazırlaşmır. Bakının belə bir niyyəti olsaydı, onu 44 günlük Vətən müharibəsində asanca reallaşdırardı. Ən azından biz Zəngəzur dəhlizini rahatca götürə bilərdik.
Götürmədik. Ona görə ki, bizim konstitusiyamızda qonşulara ərazi iddiaları yoxdur - Ermənistandan fərqli olaraq. Əgər Nikol Paşinyan həqiqətən müdafiə ordusunda maraqlıdırsa, onda ən əvvəl və ya paralel surətdə bundan – konstitusiyanı qaydaya salmaqdan başlamalıdır...
Analitik xidmət,
Musavat.com