Elm və Təhsil Nazirliyi media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda ikigünlük təlim təşkil edib.
Doğru.az xəbər verir ki, təlimin məqsədi elm və təhsil sahəsində aparılan islahatların və yeniliklərin mediada düzgün təqdimatı bacarıqlarını artırmaq, təhsil jurnalistikasını inkişaf etdirmək olub.
Proqram çərçivəsində dörd panel sessiya keçirilib. Təlimdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, eləcə də Teleradio Akademiyasının nümayəndələri çıxış edib. Panel sessiyalarda sosial-iqtisadi inkişaf strategiyası, təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və təhsil jurnalistikası mövzuları müzakirə olunub.
Təlimin ikinci günündə “Elm və ali təhsil sahəsində hədəflər” mövzusunda panel keçirilib, elm və təhsil naziri Emin Əmrullayev media ilə əməkdaşlıq və kommunikasiya mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Təlim sertifikatların təqdimatı ilə yekunlaşıb.
DOĞRU.AZ
