AZ

Osteoxondrozun qarşısını almaq üçün bunları edin! - FOTO

"Hər gün bu boyun hərəkətlərini etməklə osteoxondrozu irəliləməsinin qarşısını ala bilərsiniz".

Ölkə.Az xəbər verir ki, bu sözləri fizioterapevt Nuriyyə Əlibəyli deyib. O bildirib ki, boyun osteoxondrozu boyun fəqərələri arasındakı disk və ətraf toxumaların degenerativ-distrofik dəyişiklikləri ilə xarakterizə olunur:

“Yəni boyun disk və oynaqları yaşla və ya uzun müddətli yüklənmə nəticəsində “köhnəlir”.

Boyunda baş verən əsas dəyişikliklər:

- Disklərin degenerasiyası: Disk mayesi azalır, elastikliyi itir → fəqərələr arasındakı məsafə daralır.
- Sümüklərdə dəyişikliklər: Fəqərə bədənlərinin kənarında sümük çıxıntıları (osteofitlər) əmələ gəlir. Bu çıxıntılar sinir köklərinə təzyiq göstərə bilər.
- Əzələ gərginliyi və spazm: Disk və sümüklərdə dəyişikliklər ətraf əzələlərin gərilməsinə səbəb olur → boyun ağrısı, sərtlik.
- Sinir və damar təzyiqi: Boyun sinir kökləri sıxıldıqda qol və əl hissələrində keyimə, zəiflik, ağrı meydana çıxır. Boyun damarları sıxıldıqda isə baş gicəllənməsi, baş ağrısı, ürəkbulanma ola bilər.
- Hərəkət məhdudluğu: Boyun hərəkəti və ya dönməsi zamanı ağrı və sərtlik müşahidə olunur.

Mütəxəssis bildirib ki, boyun osteoxondrozu oturaq həyat tərzi, qeyri-düzgün qamət və uzun müddət telefon/kompüter istifadə etməkdən yaranır:

“Amma sadə hərəkətlərlə boyun əzələlərini gücləndirib, disklərə və sinirlərə düşən təzyiqi azalda bilərsiniz.

Gündəlik tövsiyə olunan hərəkətlər:

- Başı yavaşca sağa-sola çevirmək: Boyun elastikliyini artırır.
- Başı yavaşca önə-arxaya əymək: Boyun əzələlərini gücləndirir.
- Çiyinlərin yuxarı qaldırılması və buraxılması: Gərginliyi azaldır.
- Çiyin dairəvi hərəkətləri: Qan dövranını yaxşılaşdırır və əzələləri rahatladır.
- Düz durub, başı yüngül geriyə itələmə: Disklər üzərində təzyiqi azaldır.

Diqqət: Hərəkətləri ağrı və narahatlıq olmadan edin. Əgər güclü ağrı varsa, həkimə müraciət edin. Kiçik hərəkətlər böyük fərq yaradır! Hər gün 5-10 dəqiqə ayırmaq osteoxondrozu gecikdirə bilər”.

Billurə

Seçilən
24
1
olke.az

2Mənbələr