AZ

Tanınmış jurnalistin itkin qohumundan 31 gündür xəbər yoxdur

Yazını böyüt
Yazını kiçilt

İntihar etmək fikri olubsa, nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub?"

Tanınmış jurnalist Ağanisə Sultanın (Əliqaraqızı) 33 yaşlı əmisi oğlu Tural Sultanovdan düz 31 gündür xəbər yoxdur. Tural itkin düşüb və hələ də axtarışdadır.

Hafta.az xəbər verir ki, A.Sultan şəxsi “facebook” hesabında itkin düşmüş əmisi oğlu ilə bağlı paylaşımında ailənin hazırki durumundan yazıb.

Həmkarımızın paylaşımını olduğu kimi təqdim edirik:

“Hörmətli həmkarlar, əziz dostlar, əmim oğlu, gəmidə həkim işləyən 33 yaşlı Tural Sultanovdan 31 gündür xəbər yoxdur. Ailəmiz, Turalın atası, anası çox ağır günlər yaşayır. Çətin günlərdə yanımızda olan, kədərimizi bölüşən hər kəsə təşəkkür edirik.

Həmin gün gəmidə nə baş verib, Tural niyə dənizə düşüb? Peşəkar üzgüçü olduğu halda niyə xilas olmayıb və ya edilməyib? Hadisə baş verdiyi an kamera görüntülərində nələr yer alıb?

... Yenə qeyd edirəm, Tural dənizdə işləməyi özü seçmişdi. Həkim atasının ən böyük istəyi Turalın Almaniyada təhsilini, işini davam etdirməsi, məşhur həkim olması idi. Təbii ki, oğlunun seçiminə də hörmətlə yanaşırdı. Dəniz Turalın ikinci evi idi, yenicə aldığı evin də məzərəsi dənizə açılırdı...”

Jurnalist yazır ki, Tural hadisədən bir gün əvvəl son dəfə anası Aygün xanımla danışıb.

Anasının dedikləri:

"Balam dənizin ortasında olduğundan bəzən danışanda əlaqə kəsilirdi, artıq buna öyrəşmişdik. Həmişəki kimi danışdı, yaxşı olduğunu dedi. Tural dənizə gedəndə yay idi. Havalar soyuduğundan isti geyimlərini ayırmışdım. Fikirləşdim ki, səhər zəng edəndə balama deyim sən oralarda üşüyəcəksən, gəmiyə gələn olacaqsa, geyimlərini göndərim... 63 gün idi, əslində bir ay dənizdə, bir ay evdə olurdu. Başqa həkim yoldaşının yerinə də işə çıxmışdı. Oktyabrın 12-15 arası qayıdacaqdı. Ən çox mənim bişirdiyim şorqağılını və peraşki istəyirdi. Turalım gələnə sevdiyi yeməkləri bişirib, süfrəyə düzəcəkdim.... Məni bu qədər intizarda qoymazdı balam....."

Ağanisə Sultan yazır:

“Sentyabr ayının 27-si atası işdən evə gələndə Turalın həkim kimi çalışdığı Leyla Şıxlinskaya klinikasından zəng edib, hadisənin baş verdiyini bildiriblər. Bir neçə gün minlərlə, on minlərlə insana şəfa verən əmimə nəsə deməyə, təsəlli verməyə cürət etmədim...”

Turalın işlədiyi gəmi sahilə gələndən sonra ailəyə kamera görüntüləri göstərilib:

Ananın danışdıqları:

"Arxadan, çox uzaqdan görüntülər var. Biz öndən çəkilən görüntüləri istəyəndə, əllərində olan ancaq budur dedilər. Arxadan gedir, göyərtəyə çıxır, dənizə düşür, üzdüyü yer də görünür, 3 dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır.... Bizə deyirlər ki, siz oz övladınızı arxadan, geyimindən tanımırsınız?... Mənim oğlum nədən özünü dənizə atsın, səbəb nə olub? Niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur? Balam 17 yaşından xarici ölkələrdə gecəsini gündüzünə qatıb oxuyurdu, özünü inkişaf etdirirdi, dillər öyrənirdi. Ən son 5-ci dili ispan dilini öyrənirdi. İdmanla məşğul idi, peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Paraşütdən tullanırdı, evə alıb qoyduğu yeni idman alətləri olduğu kimi durur, özü gəlib açacaqdı. Evi olsa da, dəniz mənzərəli yeni ev almışdı. Mənə dedi ki, öz zövqünə görə mətbəx mebeli sifariş ver, dənizdən qayıdandan sonra birlikdə gedib, ev əşyaları seçərik.... Turalımın arzuları vardı, bizim arzumuz isə Tural idi. Mən balamın nişanını, toyuna görmək arzusunda idim, indi səsinə, nəfəsinə, özünə həsrət qalmışam. Hava soyuqdur, balam dənizdə üşüyür..."

A.Sultan yazır:

“Ailədə, əmimgildə olan məlumata görə, Tural hadisədən bir gün əvvəl işlədiyi Leyla Şıxlinskaya klinikası ilə telefonda danışıb:

"Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub, heç nə bilmirik. Əgər intihar etmək fikrində olubsa, (birmənalı şəkildə bunu rədd edirik) nədən dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub?..."

Suallar çoxdur... Bizim Turalımız 31 gündür yoxdur...”

Seçilən
48
8
hafta.az

10Mənbələr