“Bu gün Azərbaycan və bütövlükdə Türk dünyasının sığorta sənayesi yeni inkişaf mərhələsindədir”.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Türk Dövlətləri Insurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri, Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova deyib.
O bildirib ki, Insurtech çərçivəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələr və bilik mübadiləsi gələcək illərdə bazarların dayanıqlı böyüməsinə, yeni məhsul modellərinin yaranmasına və kapitalın daha səmərəli idarə olunmasına ciddi təsir göstərəcək.
“Hesab edirəm ki, məhz bu Zirvə bilik, təcrübə və texnologiya mübadiləsi üçün unikal bir fürsətdir. Burada formalaşacaq əməkdaşlıqlar və ideyalar təkcə iştirakçı ölkələrin sığorta bazarlarına deyil, bütövlükdə regionun maliyyə dayanıqlığına töhfə verəcək. Türk Dövlətləri Insurtech Zirvəsi sığorta bazarlarımız üçün strateji tərəfdaşlıq, innovasiya və rəqəmsal transformasiya baxımından mühüm dönüş nöqtəsi olacaq”- Ülviyyə Cabbarova əlavə edib.