24–25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda iki günlük təlim təşkil olunub.
Aznews.az xəbər verir ki, təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.
Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib.
Birinci paneldə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsil hədəfləri və nailiyyətlər mövzusunda təqdimatla çıxış edib.
İkinci paneldə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər və ümumi təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və monitorinqlər barədə məlumat veriblər.
Təlimin üçüncü panelində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud “Elm və təhsil mediada: təhsil jurnalistikası” mövzusunda təqdimatla çıxış edib.