AZ

Müqəddəs sayılan hər şey qul əxlaqıdır Orxan Saffari yazır...

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Çox yəqin, hər kəsin həyatda müqəddəs bildiyi anlayışlar var və yaxud da hər kəs həyata tutunub yaşamaq üçün hansısa müqəddəs anlayışlara sığınır.

Məsələn, kimisi üçün ailə, kimisi üçün dostluq, kimisi üçün vətən və.s başqa məsələlər müqəddəs hesab oluna bilir.

Bəs həqiqətdə necədir? Doğrudan da müqəddəslik anlayışı varmı?

Əslində, insanlar tarix boyu nizamı qorumaq üçün “müqəddəs” dedikləri anlayışlar yaradıblar. Bunlardan ən böyüyü dindir və bu da daha çox qorxu hissindən yaranıb.

Bəs bu “müqəddəslik” nədən yaranır? Bəlkə, bir anlayışın arxasında psixoloji və sosial ehtiyac varsa, müqəddəs olan heç nə öz-özlüyündə mövcud deyil, onu müqəddəsləşdirən insandır?

Daha dəqiq, insanın qorxusu, tənhalığı, ölümə qarşı acizliyidir?

Müqəddəslik obyektiv bir xüsusiyyət deyil. Hər hansı bir varlığın müqəddəs olması üçün onun üzərinə xüsusi bir mənəvi dəyər yüklənməlidir. Bu dəyəri də ancaq insan verir. Belə olan halda, “müqəddəs” deyilən hər şey insan icadıdır və nəticə etibarilə tənqid edilə, dağıdıla, dəyişdirilə bilər.

Əslində, heç bir varlıq sonsuz və dəyişməz deyildir. Belə olan halda da mütləq müqəddəslik mümkün deyil. Müqəddəslik inanca bağlı anlayışdır, sübutu yoxdur. Əgər bir şey sadəcə inanc yolu ilə müqəddəs elan edilirsə, deməli, onun müqəddəsliyi elə həqiqətən də sübuta da ehtiyac duymur. Başqa cür desək, psixoloji baxımdan müqəddəslik insanın qeyri-müəyyənlik və ölüm qarşısında yaratdığı müdafiə mexanizmidir.

İnsan təbiətən bilmək istəyən, amma bilməyə tab gətirə bilməyən bir varlıqdır. Kosmosun sonsuzluğu, ölümün qaçılmazlığı, həyatda ədalətsizliyin hökm sürməsi – bunlar insanı psixoloji olaraq sıxır. Bu sıxıntıdan çıxmaq üçün insan “toxunulmaz” dəyərlər yaradır. Bu, bir növ kollektiv psixoz formasıdır.

Carl Jung deyirdi ki, insanın şüuraltısı həmişə mənəvi mərkəzə ehtiyac duyur. Amma bu mərkəz real deyil, sadəcə psixoloji balansı qorumaq üçün uydurulmuş “müqəddəs” simvollardır. Bu simvollara həddindən artıq dəyər vermək psixoloji infantilizmin (böyüməmiş psixikanın) əlamətidir. Yetkin insanın borcu müqəddəs deyə təqdim edilən dəyərləri sorğulamaq, onların arxasında duran mexanizmləri anlamaqdır. Müqəddəslik sadəcə fərdi psixologiyanın deyil, həm də kütləvi idarəetmənin alətidir. Hansısa ideya və ya simvol müqəddəs elan ediləndə, onun ətrafında tənqid, sorğulanma bloklanır. Başqa cür ifadə etsək, müqəddəslik avtoritar gücdür. Müqəddəslik anlayışı heç də həmişə yaxşı anlayış deyil. Çün, insanlıq tarixində ən qəddar müharibələr “müqəddəs” adlanan ideyalar uğrunda aparılıb.

Bir sözlə, əslində, müqəddəslik insan zehninin bir illüziyasıdır. O, daha çox qorxudan, acizlikdən, tənhalıqdan doğub. Onun arxasında nə obyektiv həqiqət, nə də dəyişməz dəyər dayanır. Onun müqəddəs sayılması yalnız onun sorğulanmaz olmasını təmin etmək üçündür.

Əgər insan azad düşünmək, azad yaşamaq istəyirsə, “müqəddəs” adlanan hər şeyi masaya yatırmalı, parçalamalı, analiz etməlidir. Çünki toxunulmaz olan dəyişməzdir, dəyişməz olan isə ölüdür.

Məsələn, bu mənada Nietzsche-nin “Tanrı öldü” ifadəsi, əslində, Tanrıya deyil, müqəddəslik anlayışına qarşı üsyan idi. O, deyirdi, insan “yuxarıdan verilmiş” həqiqətlərə deyil, öz yaratdığı dəyərlərə əsaslanmalıdır.

Xülasə, müqəddəslik həm də köləlik yaradır, insanın öz ağlı ilə sorğulamaq gücünü əlindən alır.

Müqəddəs sayılan hər şey – din, kitab, torpaq, şəxsiyyət və.s insanı itaətə məcbur edən vasitələr, obrazlı desək, qul əxlaqıdır.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
icma.az

1Mənbələr