Dərsliklərin keyfiyyətinin artırılması məqsədilə onların qiymətləndirilməsi üçün ekspert xidməti üzrə müsabiqə elan edilib. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, seçilmiş ekspertlər Azərbaycan dili (tədris dili və dövlət dili), riyaziyyat, həyat bilgisi, Azərbaycan tarixi, coğrafiya, fizika, biologiya və kimya fənləri üzrə dərslik komplektlərinin (dərslik və ona aid metodik vəsaitlər) layihələrini müəyyən meyarlar əsasında qiymətləndirəcəklər.
Bundan əlavə, dərsliklərin dil və üslub baxımından qiymətləndirilməsi üçün də (Azərbaycan və rus dillərində) ekspertlər tələb olunur.
Müsabiqədə iştirak etmək istəyən şəxslər müvafiq ixtisas üzrə ali pedaqoji təhsilə malik olmalı, müəllimlərin işə qəbulu (MİQ) imtahanında ən azı 80% nəticə göstərməli və ya minimum 10 illik pedaqoji təcrübəyə sahib olmalıdırlar. Həmçinin, fənn üzrə təhsil proqramı (kurikulum) ilə işləmə və İKT bacarıqları da əsas şərtlər sırasındadır.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl dərsliklərlə bağlı problemlərə toxunaraq, şagirdlər üçün keyfiyyətli və düzgün dərsliklərin hazırlanmasının vacibliyini vurğulamışdı.
Day.Az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi isə "Bizim.Media"ya açıqlamasında bildirib ki, bu, əvvəlki illərlə müqayisədə yenilik hesab olunur:
"Əvvəllər dərsliklərin monitorinqi əsasən komissiya üzvləri və ya komissiyadan kənar şəxslər tərəfindən aparılırdı. Hazırkı sistem isə yeni yanaşmadır. Ekspert xidmətinin müsabiqə və müsahibə yolu ilə formalaşdırılması dərsliklərdəki mövcud boşluqların və çatışmazlıqların aradan qaldırılmasına mühüm töhfə verə bilər. Bu yanaşma indiyədək mövcud olan problemlərin aradan qaldırılmasına real imkan yaradacaq".
Ekspertin sözlərinə görə, bu dəyişiklikdən sonra dərsliklərdəki səhvlər minimuma enəcək və yalnız istisna hallarda xətalar mümkündür:
"Ümumilikdə bu müsabiqəni müsbət addım kimi dəyərləndirirəm. Peşəkar mütəxəssislərin prosesə cəlb olunması onların bilik və bacarıqlarının səmərəli şəkildə tətbiqinə şərait yaradacaq. Nəticədə həm müəllimlər, həm də şagirdlər daha keyfiyyətli dərsliklərlə təmin olunacaqlar."