AZ

Yer kürəsinin şimal və cənub yarımkürələri arasındakı simmetriya pozulub

Alimlər bildirirlər ki, şimal yarımkürə daha sürətlə qaranlıqlaşır və daha çox Günəş enerjisini udur...

Poliqon xəbər verir ki, Live Science və PNAS jurnalında dərc olunan yeni elmi araşdırma Yer kürəsinin enerji balansında maraqlı və narahatedici dəyişikliklər olduğunu göstərib. Uzun illər alimlər hesab edirdilər ki, planetin şimal və cənub yarımkürələri Günəş işığını kosmosa demək olar ki, eyni miqdarda əks etdirir, bu da “iqlim simmetriyasının” əsas göstəricilərindən biri sayılırdı.

Bu tarazlığın səbəbi ondan ibarət idi ki, şimal yarımkürədə daha çox quru sahə, şəhərlər və sənaye bölgələri var, bu da Günəş işığının daha çox əks olunmasına səbəb olurdu. Cənub yarımkürə isə əsasən okeanlarla örtülüb, bu da Günəş enerjisinin daha çox udulmasına gətirib çıxarır. Lakin NASA-nın CERES peyk missiyasının məlumatlarının təhlili göstərib ki, artıq bu simmetriya pozulub — şimal yarımkürə daha tez qaranlıqlaşır və daha çox Günəş enerjisini udur.

Tədqiqat 2001–2024-cü illəri əhatə edib və alimlər müəyyən ediblər ki, şimal yarımkürə hər on ildə kvadrat metrə 0,34 vatt daha çox Günəş enerjisi qəbul edir. İlk baxışda bu rəqəm kiçik görünsə də, qlobal miqyasda bu, böyük istilik balansı fərqinə səbəb olur.

Elm adamları bu fərqin səbəblərini araşdırarkən qar və buzların əriməsi, havanın təmizlənməsi və su buxarının artması kimi amillərin əsas rol oynadığını bildiriblər. Qar örtüyünün azalması nəticəsində yer səthinin və okeanların daha çox hissəsi açılır, bu isə Günəş şüalarının udulmasını artırır.

Son onillikdə Çin, ABŞAvropa kimi regionlarda hava çirkliliyinin azalması səbəbindən atmosferdə aerozolların miqdarı azalıb, bu da Günəş işığının əks olunmasını zəiflədir. Cənub yarımkürədə isə bu prosesin əksi müşahidə olunur.

Alimlər həmçinin qeyd ediblər ki, su buxarının artması da şimal yarımkürədə istiliyin saxlanmasına təsir göstərir, çünki buxar Günəş işığını əks etdirmir, əksinə udur.

Maraqlıdır ki, buludluluq səviyyəsində son 20 ildə demək olar ki, heç bir dəyişiklik müşahidə olunmayıb. Bu isə onu göstərir ki, buludlar artıq planetin enerji balansını tənzimləmək qabiliyyətini itirməkdədir. Niyə bu proses baş verir, alimlər hələ də dəqiq izah tapa bilməyiblər.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr