Tesla şirkətinin baş direktoru Elon Mask “Optimus” humanoid robotlarının illik istehsalını bir milyon ədədə çatdırmağı planlaşdırır.
AzPost bildirir ki, Mask bununla da bir neçə il ərzində robotların əhəmiyyətli bir orduya çevriləcəyinə inandığını bildirib.
Tesla rəhbərliyi ilə keçirilən konfrans zəngi zamanı Mask qeyd edib ki, illik istehsal həcmini bir milyon ədədə çatdırmaq vaxt aparacaq, lakin Optimus robotunun üçüncü versiyasının (Optimus 3) prototipinin 2026-cı ilin birinci rübündə hazırlanması gözlənilir.
“Optimus 3″ ehtimal ki, fevral və ya mart aylarında hazır olacaq. Bir milyon Optimus vahidi üçün istehsal xətti quracağıq. Ümid edirik ki, istehsal gələn ilin sonuna qədər başlayacaq”, – Mask bildirib.
“Mövcud istehsal infrastrukturu olmadığı üçün Tesla demək olar ki, bütün lazımi komponentləri özü istehsal etməli olacaq”, – deyə Mask vurğulayıb.
Sahibkar yaradılan robot ordusu ilə bağlı qərarlara təsir göstərmək üçün şirkətdə kifayət qədər paya sahib olmaq istəyini ifadə edib. Əks halda, o, özünü “narahat” hiss edəcəyini bildirib.
Mask növbəti robot dəstinin (Optimus 4) ən azı 10 milyon ədəd istehsal olunacağını və Optimus 5-in istehsalının daha da böyük – 50 ilə 100 milyon arasında olacağını gözləyir. O, əmindir ki, Optimus robotları əla cərrah olmağa qadirdir və öz-özünə idarə olunan avtomobillərlə birlikdə hər kəsin ən yüksək səviyyəli tibbi xidmətə çıxışı olacaq yoxsulluqdan azad bir dünya yaratmağa kömək edəcək.