AZ

Müəllimlərin işə qəbul imtahanlarının ödənişli olması nə qədər doğrudur?..


Kamran Əsədov: “Müəllimlərin işə qəbulu imtahanının ödənişli keçirilməsi sosial, pedaqoji və iqtisadi baxımdan səmərəli deyil”

Məlum olduğu kimi, Milli Məclis müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakın ödənişli olması haqda təklifi ilk oxunuşda qəbul edib. Bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər parlamentin ötən plenar iclasında müzakirəyə çıxarılıb.

Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qeyd etdiyimiz kimi, müəllimlər işə qəbul müsabiqəsində iştirak etmək üçün ödəniş etməlidir. Bu isə iştirakçılar arasında narazılığa səbəb olur. Həmin iştirakçının müsabiqədən keçib-keçməyəcəyi bəlli deyil. Bu səbəbdən də müsabiqənin ödənişli olması narazılıq yaradır. Məlumdur ki, dövlət qulluğuna qəbul ödənişlidir. Müəllimlərin işə qəbulu müsabiqəsi dövlət qulluğu sayılmadığı üçün ödəniş tələb edilməsi düzgün qəbul edilmir.

“Ödənişli sistem tətbiq edilərsə, bu, bir çox region gəncinin imkansızlıq səbəbindən iştirakdan imtina etməsinə gətirib çıxara bilər”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ilk növbədə, Milli Məclisdə “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişiklik layihəsində müəllimlərin işə qəbulu müsabiqəsinin ödənişli əsaslarla keçirilməsi təklifi təhsil sistemində yeni müzakirə mərhələsi açıb: “Bu məsələ yalnız maliyyə və inzibati mexanizm deyil, həm də təhsildə sosial ədalət, bərabərlik və dövlət məsuliyyəti prinsiplərinin reallaşması baxımından strateji əhəmiyyət daşıyır. Elm və Təhsil Nazirliyinin illərdir qurduğu şəffaf müəllim seçimi mexanizmi bu gün regional miqyasda ən ədalətli və texnoloji əsaslı sistem kimi qiymətləndirilir. Ona görə də bu mexanizmdə ediləcək hər dəyişiklik sadəcə hüquqi deyil, sosial nəticələri ilə də ölçülməlidir. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanına 54 mindən çox namizəd müraciət edib, onların 38 mini imtahanda faktiki iştirak edib. Bu göstərici 2020-ci illə müqayisədə 1,3 dəfə çoxdur. Hər il bu imtahanlarda iştirak edənlərin təxminən 62 faizi regionlardan olan gənclərdir. Əgər ödənişli sistem tətbiq edilərsə, bu, bir çox region gəncinin imkansızlıq səbəbindən iştirakdan imtina etməsinə gətirib çıxara bilər. Statistik baxımdan, hətta 30 manatlıq simvolik ödəniş tətbiq edilsə, illik miqyasda bu, təxminən 1,6 milyon manatlıq əlavə xərc deməkdir. Bu məbləğ imtahan xərclərini qarşılaya bilər, lakin sosial nəticələri iqtisadi faydasından qat-qat böyük olacaq. “Təhsil haqqında” Qanunun 5-ci maddəsində göstərilir ki, dövlət hər kəs üçün təhsilə bərabər çıxış imkanlarını təmin etməlidir. Eyni zamanda, 29-cu maddəyə əsasən, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yalnız obyektiv meyarlar əsasında müəyyən olunmalıdır. Bu hüquqi baza göstərir ki, dövlət təhsilə çıxışı iqtisadi deyil, intellektual meyarlarla tənzimləməlidir. MİQ imtahanlarının ödənişsiz keçirilməsi bu prinsiplərin real təminatıdır. Məhz buna görə də Elm və Təhsil Nazirliyinin indiyədək bu prosesləri dövlət hesabına maliyyələşdirməsi sosial ədalət və şəffaflıq baxımından mühüm addım olub. Nazirliyin və DİM-in birgə həyata keçirdiyi bu sistem nəticəsində Azərbaycanda müəllim seçimi tam elektronlaşdırılıb, nəticələr ictimaiyyətə açıq şəkildə təqdim olunur, bu isə beynəlxalq standartlara uyğun modern idarəetmə nümunəsidir”.

Həmsöhbətimiz hesab edir ki, bu qaydanın müsbət tərəfi ondan ibarətdir ki, qanunvericilikdə ödəniş mexanizminin nəzərdə tutulması müəyyən maliyyə intizamı yarada və dövlət büdcəsinə əlavə yükü azalda bilər: “Məsələn, hər il bu imtahanların təşkili üçün orta hesabla 1,2 milyon manat vəsait xərclənir. Əgər bu məbləğin bir hissəsi iştirakçıların ödənişləri hesabına təmin olunsa, dövlət digər istiqamətlərə resurs ayıra bilər. Lakin bu arqument sosial və pedaqoji baxımdan zəif əsaslandırılmışdır, çünki müəllimlik dövlət qulluğu deyil. Dövlət qulluğuna qəbul imtahanlarının ödənişli olması qanunla tənzimlənir, lakin bu imtahanlar karyera iyerarxiyası və inzibati məsuliyyət daşıyan vəzifələr üçündür. Müəllimlərin işə qəbulu isə sosial missiyalı bir prosesdir. Təhsil işçiləri dövlətin ideoloji və mənəvi dayağını formalaşdıran şəxslərdir. Buna görə də onların seçim prosesinə maliyyə baryeri qoymaq ədalət prinsipinə ziddir.

Dünya təcrübəsi də bu yanaşmanın düzgün olmadığını göstərir. Türkiyədə müəllimlərin seçimi üçün keçirilən “Kamu Personel Seçme Sınavı” (KPSS) dövlət tərəfindən tam maliyyələşdirilir və heç bir ödəniş tələb olunmur. Estoniyada, Finlandiyada, Gürcüstanda və Polşada müəllimlərin işə qəbulu müsabiqələri dövlət büdcəsindən maliyyələşdirilir, məqsəd sosial bərabərliyi qorumaq və peşəyə inamı artırmaqdır. Bu ölkələrdə dövlət bu prosesi təhsilə investisiya kimi görür. Azərbaycanın da 2022–2026-cı illəri əhatə edən “Elm və Təhsil Strategiyası”nda əsas prioritetlərdən biri “təhsilə bərabər çıxışın təmin edilməsi” kimi qeyd olunub. Mənfi tərəf ondan ibarətdir ki, imtahanın ödənişli olması cəmiyyətdə sosial təbəqələşməni dərinləşdirə bilər. Təhsil fakültələrini yeni bitirən gənclərin çoxu hələ işlə təmin olunmur və maddi cəhətdən asılı vəziyyətdə olur. Belə şəraitdə onlardan ödəniş tələb etmək sosial ədalətsizlik kimi qiymətləndiriləcək. Bundan əlavə, bu addım imtahanın obyektivliyinə deyil, onun ictimai qəbuluna mənfi təsir göstərəcək. İnsanların gözündə bu sistem artıq “ödənişli iştirak – pulla imtahana giriş” kimi anlaşılacaq və bu, Elm və Təhsil Nazirliyinin illərlə formalaşdırdığı şəffaf reputasiyanı zədələyə bilər.

Elm və Təhsil Nazirliyinin son illərdə gördüyü işlər – müəllimlərin sertifikasiya prosesinin tətbiqi, MİQ imtahanlarında rəqəmsal nəzarət mexanizmləri, e-yerləşdirmə və şəffaf nəticə sistemləri – regionun ən müasir təhsil idarəetmə modelini formalaşdırıb. Nazirliyin məqsədyönlü fəaliyyəti nəticəsində son beş ildə MİQ imtahanlarının etibarlılıq səviyyəsi 90 faizi ötüb, şikayət göstəriciləri isə 0,5 faizdən az olub. Belə bir sistemin sosial ədalət prinsipini pozan dəyişikliklərlə yüklənməsi bu uğurlu modelə zərbə ola bilər.

Əgər bu dəyişiklik təsdiqlənərsə, təhsil siyasətində bir neçə mühüm dəyişiklik baş verəcək: bir tərəfdən, imtahan xərcləri qismən dövlət büdcəsindən çıxarılacaq, digər tərəfdən isə sosial bərabərlik zəifləyəcək. Uzunmüddətli perspektivdə bu qərar gənclərin müəllimlik peşəsinə marağını azalda, kadr çatışmazlığını dərinləşdirə bilər. Hazırda belə bir məqamda əsas istiqamət əksinə, gəncləri bu peşəyə cəlb etmək olmalıdır.

Daha məqsədyönlü yanaşma kimi, dövlət büdcəsində “Pedaqoji Kadrların Seçimi və Qiymətləndirilməsi Fondu” yaradılaraq, imtahan xərcləri bu fond vasitəsilə qarşılanmalıdır. Bununla həm sosial ədalət qorunar, həm də maliyyə sabitliyi təmin edilər. Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin mövcud təcrübəsi göstərir ki, bu proses dövlətin birbaşa maliyyə dəstəyi ilə daha etibarlı və şəffaf həyata keçirilə bilər”.

Ekspertin fikrincə, müəllimlərin işə qəbulu imtahanının ödənişli keçirilməsi sosial, pedaqoji və iqtisadi baxımdan səmərəli deyil. Təhsil sahəsində ədalət prinsipini qorumaq, gənclərin müəllimlik peşəsinə inamını artırmaq üçün bu proses dövlət tərəfindən tam maliyyələşdirilməlidir: “Elm və Təhsil Nazirliyinin illərdir formalaşdırdığı şəffaf sistem ölkənin təhsil idarəçiliyində brend səviyyəsinə çatıb və bu modelin qorunması dövlətin ən düzgün siyasəti olacaq. Təhsilin mahiyyəti sosial xidmət üzərində qurulub və bu xidmətin dəyəri ödənişlə deyil, keyfiyyətlə ölçülməlidir”.

Günel CƏLİLOVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr