AZ

Bankların kredit portfeli 29.3 milyard manata yüksəlib – İCMAL

2025-ci il sentyabrın 30-na olan məlumata görə, Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967,8 milyon manat, balans kapitalı isə 7 milyard 170,2 milyon manat təşkil edib. Sentyabr ayında bankların cəmi aktivləri və öhdəlikləri 0,8%, balans kapitalı isə 1,3% artıb.

Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.

Bank sektorunun kredit portfeli hesabat ayında 2% və ya 571,4 milyon manat artaraq 29 milyard 276,3 milyon manata yüksəlib. Kredit portfelinin strukturu üzrə biznes kreditləri 53,1% (15 milyard 544,6 milyon manat), istehlak kreditləri 31,4% (9 milyard 183,5 milyon manat), ipoteka kreditləri isə 15,5% (4 milyard 548,2 milyon manat) təşkil edib.

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74,7%-i və ya 36 milyard 587,8 milyon manat. Depozit portfelinin 58%-i (21 milyard 210,8 milyon manat) hüquqi şəxslərin, 42%-i isə (15 milyard 377 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67,7%-i (10 milyard 404,8 milyon manat) milli valyutada, 32,3%-i (4 milyard 972,2 milyon manat) xarici valyutada saxlanılır. Əmanət portfelinin 63,2%-ni (9 milyard 720,2 milyon manat) müddətli əmanətlər təşkil edir. Hesabat ayında fiziki şəxslərin müddətli əmanətləri 1,7% və ya 159,5 milyon manat, tələbli əmanətləri isə 2,4% və ya 131,4 milyon manat artıb.

2025-ci ilin sentyabrında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3 min 506 əmanətçi) artaraq ilin əvvəlindən bəri ümumilikdə 20,4% və ya 30 min 638 nəfər artım göstərib. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 983,9 milyon manat olmaqla, bu seqmentin cəmi depozit portfelinin 75,4%-ni təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında banklar 910,7 milyon manat xalis mənfəət və 1 milyard 373,2 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Hesabat dövründə banklar tərəfindən ümumilikdə 214,5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı 86, ATM-lərin sayı isə 3 min 410 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,5% və ya 137 nəfər artaraq 26 min 872 nəfərə çatıb.

Seçilən
3
banker.az

1Mənbələr