Mütəxəssislər onların kimyəvi təsirə məruz qaldığını, lakin sağlam olduqlarını bildirir...
Poliqon xəbər verir ki, Daily Mail nəşrinin məlumatına görə, Çernobılın radiasiya ilə çirklənmiş zonasında mavi rəngli tüklərə malik itlər aşkarlanıb. Alimlər və müşahidəçilər bu nadir hadisənin səbəbini hələ də tam müəyyənləşdirə bilməyiblər.
Heyvanların müşahidəsi ilə məşğul olan təşkilatın açıqlamasında qeyd olunur ki, “bu itlər çox güman ki, hansısa kimyəvi maddənin təsirinə məruz qalıblar”, lakin buna baxmayaraq, “çox aktiv və sağlam görünürlər”.
Araşdırmaçılar bildiriblər ki, bu hadisə təkcə rəng dəyişikliyi ilə məhdudlaşmır. Bölgədə yaşayan itlərdə son illərdə unikal adaptasiya qabiliyyəti formalaşıb — onlar radiasiya və ağır metallara qarşı davamlılıq nümayiş etdirirlər.
Daily Mail yazır ki, bu iddialar ötən il amerikalı alimlər tərəfindən aparılan genetik tədqiqatlarla da təsdiqlənib. Həmin araşdırmaya əsasən, Çernobıl zonasındakı it populyasiyasında mutasiyaya uğramış genetik xüsusiyyətlər müşahidə olunub ki, bu da onlara sərt mühitdə yaşamağa imkan verir.
Hazırda mütəxəssislər heyvanların genetik quruluşunu və mavi rəngin mənbəyini müəyyənləşdirmək üçün əlavə analizlər aparırlar.
Poliqon.info
 
                        