“1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan hakimiyyətə gələndə ölkədə gəlir vergisinin ən yüksək dərəcəsi 70% idi. Həmin dövrdə bu göstərici Böyük Britaniyada 83%, Qərbi Almaniyada 60%, İsveçdə 80%, Yaponiyada 70%, Kanadada isə 60% idi. Dünyada vergi dərəcələri indiki ilə müqayisədə rekord səviyyədə idi”.
News365.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, məhz belə bir zamanda Reyqan əvvəlcə vergini 70%-dən 50%-ə, daha sonra isə 28%-ə endirdi:
“Reyqan müsahibəsində bu qərarın arxasında 600 il əvvəl yaşamış İbn Xəldunun fikirlərinin dayandığını bildirmişdi. Reyqan demişdi ki, İbn Xəldun öz əsərində yazırdı: "Vergiləri çoxaldan dövlətlərin iqtisadiyyatı tənəzzül etmiş, vergiləri azaldanları isə çiçəklənən gördüm".
Bu siyasət sonradan “Reaganomics” (Reyqan iqtisadiyyatı) adı ilə tanındı. Onun mahiyyəti sadə idi. Yüksək vergilər iqtisadi fəallığı azaldır, aşağı vergilər isə sahibkarlığı və istehsalı stimullaşdırır, nəticədə büdcəyə daha çox vəsait daxil olur.
Reyqanın bu siyasəti əvvəlcə mübahisələr doğursa da, iqtisadi artım canlandı, işsizlik azaldı, şirkətlərin ABŞ-a sərmayə axını artdı.
Beləliklə, Ronald Reyqan vergi siyasətində yalnız ABŞ üçün deyil, bütün dünya üçün yeni bir dövrün əsasını qoydu, ondan sonra vergi dərəcələrinin endirilməsi və iqtisadi fəallığın stimullaşdırılması qlobal trenda çevrildi”.
News365.az