Natiq Cəfərli: “Əlavə bir telefon üçün vergi tələb olunması məntiqsizdir”
Məlum olduğu kimi, Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Beləliklə, bazar qiymətindən asılı olmayaraq, təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.
Ekspertlər hesab edir ki, bu dəyişiklik xüsusilə pərakəndə satış bazarına birbaşa təsir göstərəcək və bütün modellərin qiymətində artım müşahidə olunacaq.
Həmçinin, bu qərar ictimaiyyət arasında narazılığa səbəb olub. Belə ki, xaricdən gələn şəxs yaxın qohumuna, ailə üzvlərinə telefon gətirərsə, hər ayrı cihaz üçün əlavə 100 manat ödəməlidir. Bu isə ictimaiyyətin haqlı narazılığına səbəb olub. Onlar bildirir ki, xaricdən gələn şəxs satış üçün deyil, sırf yaxınına telefon gətirirsə, bunun üçün vergi ödəməsi düzgün deyil.
Maraqlıdır, bu qərar telefon işi ilə məşğul olanların manefələrinə xidmət edirmi?
“Xaricdən gələn şəxs ailə üzvünə gətirdiyi telefona görə niyə rüsum ödəməlidir?”
Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, uzun müddətdir elektron cihazların fiziki şəxslər tərəfindən ölkəyə gətirilməsinə maneçilik yaradılır: “Bu maneələrin yaradılması ölkə daxilində qiymət artımına səbəb olur. Təbii ki, məlum vəziyyət mobil cihaz, aksesuar, elektrik avadanlığı, kompüter satışı ilə məşğul olanların işinə yarayır. Vergi və rüsumun bir fəlsəfəsi var. Vergi və rüsum qazancdan ödənilir. Qazanc əldə etmək istəyən şəxsin niyyətinə görə müəyyənləşdirilir. Azərbaycanda isə bu yanaşma uzun müddətdir unudulub. Xaricdən gələn şəxs ailə üzvünə gətirdiyi telefona görə niyə rüsum ödəməlidir? Bu adam həmin cihazı satış məqsədi ilə deyil, yoldaşına, övladına gətirirsə nə üçün aksiz vergisi ödəməlidir? Məsələn, 2 və ya 3-dən artıq telefon gətirənlərə məhdudiyyət qoyularsa, bu başa düşülərdi. Əlavə bir telefon üçün vergi tələb olunması məntiqsizdir”.
Günel CƏLİLOVA