AZ

"Qazprom"un rəhbərinin evindən 450 minlik oğurluq edən bağbanla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində “Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evindən oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, bağban, 29 yaşlı Əkbər Bəşirli “Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evindən ümumi dəyəri 450 manat olan - bahalı saatlar, qızıllar və pulları oğurlayıb. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib.


Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.


Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyonluq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana qarşı vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.

Kamal Məmmədov 

Tarix: 28 Oktyabr 2025, 09:03   
Seçilən
13
pravda.az

1Mənbələr