AZ

Corciya bataqlıqlarındakı timsahlarda rekord civə çirklənməsi aşkarlanıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın Corciya Universitetinin və tərəfdaş tədqiqat mərkəzlərinin alimləri Oki­fenoki bataqlığında yaşayan timsahlarla bağlı narahatedici nəticələr açıqlayıblar.

Bizimyol.info xəbər verir ki, tədqiqatlar göstərib ki, bu ərazidə yaşayan timsahların qanında civənin miqdarı rekord səviyyəyə çatıb.

133 timsah üzərində aparılan analizlərdə bəzi nümunələrdə civə konsentrasiyasının hər kiloqramda 0,6 milliqrama qədər yüksəldiyi müəyyən olunub — bu, qonşu sahil bölgələrində yaşayan heyvanlardakı göstəricidən 8 dəfə çoxdur.

Tədqiqatın rəhbəri, ekoloq Kristen Zemaytis bildirib ki, bu göstəricilər təkcə timsahların deyil, bütövlükdə ekosistemin dərin çirklənməsindən xəbər verir: “Civə təbiətdə mövcud element olsa da, çox güclü neyrotoksindir. Onun yüksək səviyyədə yırtıcı heyvanlarda toplanması ekosistemdə ciddi problemlərin göstəricisidir”, - deyə bildirib.

Alimlərin sözlərinə görə, civə bataqlıqlara düşdükdə bakteriyaların təsiri ilə metilcivəyə çevrilir — bu maddə canlı orqanizmlərdə asanlıqla toplanır və qida zənciri boyunca ötürülür.

Oki­fenoki bataqlığı Suoni və Sent-Meris çaylarını qidalandıran, orqanik maddələrlə zəngin qarasulu ekosistemdir. Bu şərait metilcivənin əmələ gəlməsi prosesini sürətləndirir və nəticədə çirklənmənin sahil sularına yayılma riski artır. Həmin ərazilərdə yerli sakinlər balıq tutur və ovçuluqla məşğul olur, bu isə insan sağlamlığı üçün də təhlükə yaradır.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, civəyə uzunmüddətli məruz qalmaq sinir sistemi zədələnmələrinə, xüsusilə uşaqlarda və hamilə qadınlarda ciddi təsir göstərə bilər. Alimlər xəbərdarlıq edirlər ki, hətta nisbətən az çirklənmə səviyyəsi belə, insanlar və heyvanlar üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Tədqiqatın nəticələri "Environmental Toxicology and Chemistry" elmi jurnalında dərc olunub və artıq ekologiya mütəxəssislərinin diqqətini cəlb edib. Mütəxəssislər bataqlıq və su hövzələrinin daha geniş monitorinqinə və civə mənbələrinin nəzarətinin sərtləşdirilməsinə çağırıblar.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
bizimyol.info

1Mənbələr