"Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üçün atılan addımlar Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. 2020-ci ildən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyünün deyil, həm də siyasi gücünün təzahürüdür".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, Prezident İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı iqtisadi əlaqələrin yaranmasının, faydalı əməkdaşlığın əsasını qoyur. Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz yeni reallıqların təzahürüdür. Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranzit məhdudiyyətlərini aradan qaldırıb: "Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Deputat qeyd edib ki, Rusiyadan da yüklər Ermənistana Azərbaycan vasitəsilə daşınacaq. Artıq belə bir razılaşmanın əldə olunduğu bildirilir. Bu o deməkdir ki, regionda ticarət yolları artıq açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranır. "Yüklərin Azərbaycan vasitəsilə Gürcüstan ərazisindən keçməsi keçid mərhələsinin göstəricisidir, lakin bu, gələcəkdə daha birbaşa və davamlı kommunikasiya xətlərinin qurulmasının mümkünlüyünü ifadə edir. Bütün bunlar Azərbaycanın siyasi iradəsi və sülhyönümlü diplomatik fəallığı nəticəsində mümkün olub", - deyə o əlavə edib.
S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh prosesinin intensivləşməsində Vaşinqton görüşü dönüş nöqtəsi oldu. ABŞ-nin paytaxtında iki ölkə arasında sülh sazişi layihəsinin paraflanması region üçün tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq diplomatiyada oynadığı rolu bir daha göstərdi. Vaşinqton danışıqları zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipiallıq və dövlət maraqlarına sadiqlik Cənubi Qafqazda sülh prosesinin uğurla davam etdirilməsini təmin etdi. Bakının məqsədi qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq əsasında sabitliyin qurulmasıdır. Belə bir etimad quruculuğu üçün Prezident İlham Əliyev güclü siyasi iradə nümayiş etdirir. Azərbaycan postmüharibə dövründə sülhü təkcə siyasi sənəd kimi deyil, həm də iqtisadi əməkdaşlığın əsas amillərindən biri kimi təqdim edir.
Deputat vurğulayıb ki, regionda dayanıqlı sülhün təmin olunması üçün iqtisadi əlaqələrin qurulması da çox önəmlidir: "Bu baxımdan Ermənistanın regional layihələrdə iştirakına şərait yaradılması rəsmi Bakı tərəfindən atılmış strateji addımdır. Ermənistana yük tranzitinin açılması, həm sülh prosesi üçün etimad yaradan amildir, həm də regionun iqtisadi coğrafiyasını dəyişdirəcək hadisədir. Bu qərar göstərir ki, Azərbaycan hərb meydanında qazandığı qətiyyətli qələbənin davamını sülh və dialoq mərhələsinə ötürüb".
Sevinc Fətəliyeva qeyd edib ki, bu hadisə bütövlükdə Cənubi Qafqazın üç ölkəsi arasında iqtisadi inteqrasiyanın başlanğıcı da hesab oluna bilər. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region daxilində etimad qazanıb. Ermənistan üçün də bu, iqtisadi təcriddən çıxmaq, dünya ilə inteqrasiya imkanlarını genişləndirmək anlamına gəlir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin prinsipial siyasəti sayəsində Cənubi Qafqazda tarixi hadisələr baş verir. Dövlətimizin nümayiş etdirdiyi konstruktiv mövqe və qətiyyətli liderlik bölgədə sabitliyin əsas təminatına çevrilib. İnanırıq ki, atılan addımlar qısa müddətdə regionda dayanıqlı sülhü tam təmin edəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"