AZ

Azərbaycan dövlət suverenliyinin, iqtisadi müstəqilliyin uğur hekayəsini yazmış qətiyyətli, ləyaqətli və nüfuzlu dövlətdir

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovdur  

"Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

- Azər müəllim, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə oktyabrın 22-də Milli Məclisdə  "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda  elmi-praktik konfrans keçirilmişdir. Bu konfransın keçirilməsi hansı zərurətdən irəli gəlmişdir? 

- Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və suverenlik İli" elan edilmişdir. Milli Məclis bu vəsilə ilə silsilə tədbirlər həyata keçirir. Komitəmizin təşəbbüsü ilə keçirilən konfrans da həmin tədbirlərdən biri kimi təşkil olundu. Konfransda Milli Məclisin deputatları, iqtisadi yönümlü dövlət orqanlarının nümayəndələri, iqtisadçı alimlər iştirak edirdilər. Konfransın mövzusu elmi-praktik və konseptual olaraq geniş müzakirə edildi, dəyərli təklif və tövsiyələr səsləndirildi.

Dövlətimizin siyasəti həmişə siyasi və iqtisadi müstəqilliyin vəhdətindən ibarət olub

- Dövlət suverenliyinin iqtisadi əsasları, iqtisadi müstəqillik kimi mövzuların aktuallığını nə ilə izah edirsiniz? 

- Bu mövzunu şərtləndirən amillər sırasında 2025-ci ilin "Konstitusiya və suverenlik İli" elan edilməsini, 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsini qeyd etmək istərdim. Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və sərkərdəlik qabiliyyəti, müzəffər ordumuzun rəşadəti, qəhrəman şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edilib. Artıq suverenliyin bərpasından sonrakı gerçəkləri və çağırışları nəzərə almalıyıq. Bu kontekstdə suverenlik və iqtisadi müstəqilliyə yeni reallıqlar prizmasından baxmalıyıq. Yeni mərhələdə suverenliyin iqtisadi əsasları möhkəmlənməlidir. Dövlətimizin siyasəti həmişə siyasi və iqtisadi müstəqilliyin vəhdətindən ibarət olub. Hər iki məsələyə Ulu Öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də xüsusi önəm verir. Bizi tam suverenliyə və iqtisadi müstəqilliyə gətirib çıxaran, qət etdiyimiz uzun yola bir daha nəzər salmalıyıq. Nəzərə almalıyıq ki, Azərbaycan dövlət suverenliyinin, iqtisadi müstəqilliyin  uğur hekayəsini yazmış qətiyyətli, ləyaqətli və nüfuzlu dövlətdir. Biz dövlətimizin bu uğur hekayəsini bir daha təhlil etməli və gələcək üçün hədəflərimizi bir daha dəqiqləşdirməliyik.

- Qeyd etdiniz ki, yeni mərhələdə suverenliyin iqtisadi əsaslarını möhkəmləndirməliyik. Suverenliyin iqtisadi əsaslarına keçməzdən əvvəl gəlin dövlət suverenliyinin özünün mahiyyətinə baxaq. 

- Dövlət suverenliyi hüquqi kateqoriya olsa da, onun iqtisadi baxımdan da dəyərləndirilməsini vacib hesab edirik. O, dünyanın bütün siyasi sistemlərində ali və güzəştə gedilməyəcək prinsipdir. Suverenlik hər şeydən əvvəl dövlətin daxili və xarici siyasətdə müstəqil qərar vermək hüququ və imkanıdır, qərarların başqa bir dövlətin diktəsi olmadan qəbul edilməsidir. Başqa sözlə, dövlətin daxili və xarici siyasətdə müstəqil olmasıdır.  Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan müstəqil siyasət aparan dövlətdir və heç bir dairənin təsiri altına düşmür. Suverenlik daxili resurslara əsaslanan dövlətçilik  xəttidir, ali hakimiyyətin xarici müdaxilə olmadan xalqın iradəsi ilə sərbəst şəkildə formalaşdırılmasıdır. Cənab Prezident dövlət suverenliyi ilə bağlı deyib: "Bizim heç bir beynəlxalq təşkilat qarşısında öhdəliyimiz yoxdur ki, o, suverenliyimizi məhdudlaşdırsın". Bu uzun illər həyata keçirilən ləyaqətli və qətiyyətli dövlət siyasətinin nəticəsidir. 

Prezident İlham ƏLİYEV: "İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir..."

- Bəs iqtisadi müstəqillik nədir? Onun əsas mahiyyəti nədən ibarətdir?

İqtisadi müstəqillik ölkənin iqtisadi siyasətinin xarici təsirlərdən asılı olmayaraq, müstəqil həyata keçirilməsi, iqtisadi qərarların qəbul edilməsi zamanı dövlətin strateji maraq və hədəflərinin nəzərə alınmasıdır. İqtisadi müstəqilliyə malik olan ölkə milli iqtisadiyyatını dövlət maraqlarına uyğun formalaşdırır, bu əsasda dövlət suverenliyinin iqtisadi əsaslarını möhkəmləndirir. Ümumiyyətlə,  iqtisadi müstəqillik uğurlu iqtisadi diplomatiya ilə müəyyənləşir. Bir həqiqəti də etiraf etmək lazımdır ki, mütləq iqtisadi müstəqillik olmur. İqtisadi müstəqilliyin nisbi olması onu gündəmdən çıxartmır. Prezident İlham Əliyevin iqtisadi müstəqilliklə bağlı baxışları onun mahiyyətini aydın bir şəkildə açıqlayır: "Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində iqtisadi müstəqillikdir... İqtisadi cəhətdən özünə güvənli dövlət müstəqil siyasət həyata keçirə bilir....Güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir... İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır... İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir..." Dövlət başçısının tezisləri bir daha təsdiq edir ki, siyasi və iqtisadi müstəqilliyin uzlaşdırılması Azərbaycanda dövlət siyasətinin əsas prinsiplərindən biridir. Ölkəmiz məhz bu siyasət nəticəsində regional liderliyini təmin etmiş, geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmişdir. 

- Xatırlatdınız ki, Azərbaycanda dövlət siyasəti həmişə siyasi və iqtisadi müstəqilliyin vəhdətindən ibarət olub. Sizcə, dövlət suverenliyi ilə iqtisadi müstəqillik arasında əlaqə nədən ibarətdir?

- Dövlət suverenliyi və iqtisadi müstəqillik arasında sıx və ayrılmaz əlaqə var. Bu iki anlayış bir-birini tamamlayır. Azərbaycan siyasi və iqtisadi müstəqilliyi uğurla uzlaşdıra bilən nadir ölkələrdəndir. Suverenlik təkcə hərbi və diplomatik deyil, iqtisadi əsaslara da söykənməlidir. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsində düşmənlə döyüşən təkcə müzəffər ordumuz, hərbi texnikamız deyil, həm də milli iqtisadiyyatımız döyüşürdü. Möhkəm iqtisadi baza dövlət maraqlarını və milli təhlükəsizliyi qorumağa imkan verir. İqtisadi güvəni və gücü olan ölkə özünün daxili və xarici siyasətində müstəqil qərarlar verə bilir, diplomatik manevr imkanlarına malik olur. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, iqtisadi müstəqillik olmadan real dövlət suverenliyi mümkün deyil. İqtisadi dayaqları zəif olan ölkələrin siyasi müstəqilliyi də formal xarakter daşıyır və onların iqtisadi asılılığı hər zaman siyasi güzəşt riski yaradır. Bilməliyik ki, iqtisadiyyatın xarici təsirlərdən asılılığı suverenliyi məhdudlaşdırır. İqtisadi müstəqillik dövlət suverenliyinin əsas dayağı olduğu kimi, suverenlik olmadan da dövlət maraqlarına cavab verən milli iqtisadiyyat formalaşdırmaq mümkün deyil. Birinin zəifləməsi digərinin dayaqlarını sarsıtdığı kimi, güclənməsi də digərini gücləndirir. 

Ulu Öndər Heydər Əliyev dövlətçiliyi qorumaq ənənəsinin əsasını qoydu

- Vurğuladığınız kimi, siyasi və iqtisadi müstəqilliyin uzlaşdırılmasına Ulu Öndər Heydər Əliyev də xüsusi önəm verirdi. Bu sahədə Ümummilli Liderin əsas xidmətləri nədən ibarət olmuşdur? 

- Ölkəmizi tam suverenliyə və iqtisadi müstəqilliyə gətirən strateji yol Heydər Əliyevin adı ilə bağlıdır. Hər şeydən əvvəl Ulu Öndər Azərbaycanda dövlətçiliyi qorumaq ənənəsinin əsasını qoymuşdur. O qeyd edirdi ki, "İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir". Bu səbəbdən də dövlət quruculuğu ilə iqtisadi quruculuq uğurlu bir şəkildə əlaqələndirilmişdir. Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, dövlətin siyasi əsasları formalaşdırıldı, dövlət idarəetmə aparatı təşkil edildi, ictimai-siyasi sabitlik təmin olundu. Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Həmin dövrdə güclü dövlət güclü iqtisadiyyatın qurulmasını tələb edirdi. Bu məqsədlə, ölkədə iqtisadi islahatlar, o cümlədən torpaq islahatı həyata keçirilmiş, dərin iqtisadi böhranın qarşısı alınmış, makroiqtisadi sabitliyə nail olunmuşdur. Beləliklə, ölkəmiz inkişaf relslərinə keçirilmişdir. "Əsrin müqaviləsi"nin imzalanması, Dövlət Neft Fondunun yaradılması inkişaf prosesinə ciddi təkan vermişdir.

Yeni konstitusiya ölkəmizin iqtisadi ideologiyasını müəyyən etdi

- 1995-ci ilin noyabrın 12-də ümumxalq referendumu yolu ilə yeni Konstitusiyanın qəbulu ilə həm də ölkəmizin iqtisadi inkişaf modelinin əsasları formalaşdırıldı. Bu model milli iqtisadiyyatın təşəkkül tapmasında həlledici rol oynadı. İqtisadi inkişaf modelinin konstitusion əsasları nədən ibarətdir?

- Hər bir dövlətin Əsas Qanunu - konstitusiyası eyni zamanda ölkənin hansı siyasi və iqtisadi inkişaf yolunu seçdiyini müəyyənləşdirir. Yeni konstitusiya dövlət idarəçiliyinin formasını, vətəndaşların və dövlətin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi strategiyasının əsas prinsplərini də özündə əks etdirmişdir. Heydər Əliyev yeni konstitusiyanın  müəllifi kimi bir tərəfdən ölkədə dövlət idarəçiliyinin əsaslarını, digər tərəfdən də Azərbaycanın iqtisadi inkişaf modelinin əsas prinsiplərini təsbit etmişdir. Bu həm də iqtisadi ideologiyanın müəyyən edilməsi deməkdir. Mahiyyət etibarı ilə iqtisadi ideologiya dövlətin iqtisadi strategiyasını, iqtisadi islahatların konseptual əsaslarını, seçilmiş iqtisadi modelin əsas prinsiplərini, ölkənin milli iqtisadi mənafeyi və maraqları ilə bağlı məsələləri özündə birləşdirir. Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi ideologiya artıq Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Belə bir ideologiyanın əsasını hər şeydən əvvəl mülkiyyət münasibətləri təşkil edir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən müdafiə edilməsi artıq konstitusion müddəaya çevrilmişdir. İqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Əsas Qanunda qeyd edilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.  "İqtisadiyyatın inkişafı xalqın rifahının yüksəldilməsinə xidmət edir" müddəası isə iqtisadi siyasətin sosialyönümlü olmasını təsbit edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkəmizdə prezidentli respublika üsuli-idarəsinin seçilməsi iqtisadi sistemin transformasiyasının və radikal iqtisadi islahatların həyata keçirilməsinin sürətləndirilməsi baxımından özünü doğrultmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsi ilə bağlı olan bütün idarəetmə halqalarının iqtisadi idarəçilik sahəsində hüquq və səlahiyyətlərini, onların əsas vəzifələrini dəqiq müəyyən etmişdir. Qeyd edilən müddəalar iqtisadi islahatların dönməzliyinə konstitusion təminat verməklə yanaşı, bazar münasibətlərinin ölkənin iqtisadi həyatına daha dərindən nüfuz etməsi üçün hüquqi-ideoloji zəmin yaratmış, dövlət suverenliyinin iqtisadi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir.

- Ötən əsrin 90-cı illərinin ortalarından əsası qoyulmuş neft strategiyasını siyasi və iqtisadi müstəqilliyin uğurlu nümunəsi kimi təqdim edə bilərikmi?

- Təbii ki! 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanda siyasi və iqtisadi müstəqilliyin uğurlu bir şəkildə uzlaşdırılmasının, siyasi iradənin və qətiyyətin təsdiqidir. Bu müqavilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinə, neft sənayesinin modernizasiyasına şərait yaratdı. Dövlət Neft Fondunun yaranması ilə neft gəlirlərinin səmərəli idarə edilməsi modelinin əsası qoyuldu. Prezident İlham Əliyev bununla bağlı qeyd etmişdi: "Neft Fondu Azərbaycanın iqtisadi suverenliyinin əsas dayaqlarındandır". "Əsrin müqaviləsi"nin həyata keçirilməsi ilə neft sektoru Azərbaycanın iqtisadi inkişafında lokomativ rolunu oynadı. Möhtərəm Prezidentin təbirincə desək, əgər neft sərvətlərimizi düzgün idarə etməsəydik, bu gün iqtisadi müstəqillikdən danışmaq mümkün olmazdı.

- Prezident İlham Əliyev suverenliyin iqtisadi əsaslarını necə möhkəmləndirdi? Bu məqsədlə hansı strateji addımlar atıldı?

- Hər şeydən əvvəl dövlət başçısı tərəfindən aydın baxışlar sistemi təqdim edildi. Müstəqil iqtisadi və siyasi xəttin həyata keçirilməsi prioritet kimi müəyyən edildi. Güclü iqtisadiyyat - güclü dövlət prinsipi əsas götürüldü. Azərbaycan milli iqtisadiyyatını öz milli dövlət maraqlarına uyğun olaraq formalaşdırdı. Siyasi və iqtisadi müstəqilliyin bir-birini tamamlamasını təmin edən dövlət siyasəti həyata keçirildi. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən Azərbaycanın enerji layihələri dövlət suverenliyinin əsaslarını möhkəmləndirdi. Enerji resurslarının ixracı marşrutu şaxələndirildi. Həmçinin iqtisadi müstəqilliyimizi gücləndirən və strateji xarakter daşıyan nəqliyyat-infrastruktur layihələri icra edildi. Həm enerji, həm də nəqliyyat layihələri ölkəmizin geosiyasi mövqeyini gücləndirdi. Neft gəlirlərinin səmərəli istifadəsi və idarə edilməsi təmin edildi.

Strateji valyuta ehtiyatları Azərbaycanın maliyyə təhlükəsizliyi "yastığı" və müdafiə qalxanıdır

- Hansı amillər və göstəricilər Azərbaycanda dövlət suverenliyinin iqtisadi əsaslarının möhkəm olmasını xarakterizə edir?

- Bu, ilk növbədə, özünü strateji resurslara dövlətimizin şəriksiz sahiblik hüququnda göstərir. Azərbaycan öz strateji resurslarını özü idarə edir. İqtisadi siyasət milli dövlət maraqlarını nəzərə alır və ona uyğun olaraq həyata keçirilir. Fiskal və monetar alətləri müstəqil şəkildə tətbiq edə bilirik. İnkişaf proqramları donor vəsaiti ilə deyil, daxili resurslar hesabına reallaşır. Nəzərə almalıyıq ki, hər bir ölkənin əsas iqtisadi dayağı onun maliyyə sabitliyinə malik olmasıdır. Bu baxımdan makroiqtisadi sabitliyin qorunmasını da xüsusi olaraq qeyd etməliyik. Azərbaycanda uzun illərdir ki, xarici dövlət borcunun səviyyəsi aşağı həddədir. Hazırda bu rəqəm 5 milyard dollara bərabər olmaqla ÜDM-in 6,5 faizini təşkil edir. Daxili dövlət borcu 17 milyard manat olmaqla ÜDM-in 13,1 faizi həddindədir. Bu rəqəmlər iqtisadi təhlükəsizlik baxımından kritik hesab edilən hədlərdən dəfələrlə aşağıdır. Strateji valyuta ehtiyatlarımız ÜDM-in həcmini üstələyərək 81,5 milyard dollara çatıb. Sonuncu göstərici ölkəmizin maliyyə təhlükəsizliyi yastığı və təzyiqlərə qarşı müdafiə qalxanıdır.

- Qeyd etdiniz ki, iqtisadi müstəqillik uğurlu iqtisadi diplomatiya ilə müəyyənləşir. Ümumiyyətlə, iqtisadi diplomatiya nədir? Dövlətimizin iqtisadi əsaslarının möhkəmlənməsində onun yeri və rolu nədən ibarətdir?

- İqtisadi diplomatiya mahiyyətcə, xarici siyasət vasitəsilə milli iqtisadi maraqların qorunmasına xidmət edir. O, strateji məhsullar üçün xarici bazarlara çıxışı təmin edir, xarici investorların ölkəyə cəlb edilməsi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. İqtisadi diplomatiya vasitəsilə ölkənin regionda və regional inteqrasiya proseslərində iqtisadi təsir imkanları artır, üstünlüklər əldə edilir. "Əsrin müqaviləsi" iqtisadi diplomatiya sahəsində uğur hekayəmizdir. Regionda enerji və nəqliyyat sahəsində aparıcı mövqeyimiz var. Bu sahədə strateji layihələr regionda  mühüm oyunçuya çevrilib. 

- İqtisadi təhlükəsizlik iqtisadi müstəqilliyin möhkəmləndirilməsi kontekstində nə üçün bu qədər önəmlidir?

- İqtisadi təhlükəsizlik iqtisadi və siyasi müstəqilliyin, dövlətçiliyimizin qorunmasının əsasıdır. Yeni çağırışlar iqtisadi təhlükəsizliyin gücləndirilməsini tələb edir. Prezident İlham Əliyevin təbirincə desək, iqtisadi müstəqillik milli təhlükəsizliyimizin əsas dayağıdır. İqtisadi təhlükəsizlik isə milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. O, siyasi və geosiyasi təhlükəsizlik baxımından da əhəmiyyətlidir. İqtisadi təhlükəsizlik tədbirləri iqtisadi suverenlik üçün potensial risk doğuran amilləri aradan qaldırır, ölkəni xarici iqtisadi şoklardan və təzyiqlərdən qoruyur və bu baxımdan da suverenliyimizin qorunmasının əsası kimi çıxış edir. İqtisadi təhlükəsizlik iqtisadi müstəqilliyi, iqtisadi müstəqillik isə dövlət suverenliyini möhkəmləndirir. Neftdən asılılığın azaldılması, maliyyə dayanıqlılığının təmin edilməsi, texnoloji inkişafa nail olunması iqtisadi təhlükəsizliyi təmin edən ən mühüm tədbirlərdir. Hesab edirik ki, dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra qarşıda dayanan başlıca vəzifə iqtisadi təhlükəsizlik tədbirlərini gücləndirməkdən ibarətdir. Bu baxımdan mövcud reallıqları və təhdidləri  nəzərə alan İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənməsini zəruri hesab edirik. Unutmamalıyıq ki, iqtisadi müstəqillik statik deyil. Onun möhkəmləndirilməsi davamlı proses olmalıdır. Bunu isə iqtisadi təhlükəsizlik tədbirləri təmin edir.

Prezident İlham ƏLİYEV: "Postneft dövrü üçün biz iqtisadiyyatımızı şaxələndirməli, idxaldan asılılığı azaltmalıyıq"

- Yeni çağırışlar fonunda iqtisadi müstəqilliyin və dövlətimizin iqtisadi dayaqlarının möhkəmləndirilməsi sahəsində qarşıda dayanan əsas hədəflər nədən ibarətdir?

- Bu hədəflər də Prezident İlham Əliyevin çıxışlarında çox aydın bir şəkildə əksini tapır. Dövlət başçısı qeyd edir: "Postneft dövrü üçün biz iqtisadiyyatımızı şaxələndirməli, idxaldan asılılığı azaltmalıyıq... Ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi, informasiya təhlükəsizliyi - bunların hamısı bizim suverenliyimizin tərkib hissələridir". Sənayeləşmə və kənd təsərrüfatının inkişaf etdirilməsi, texnoloji və innovativ inkişaf iqtisadi müstəqilliyin möhkəmləndirilməsi baxımından strateji hədəflər kimi müəyyən olunub. Həmçinin makroiqtisadi sabitliyi qorumaq, davamlı iqtisadi artıma nail olmaq, maliyyə dayanıqlılığını təmin etmək, sahibkarlığı inkişaf etdirmək, institusional islahatları dərinləşdirmək, nəqliyyat infrastrukturunu gücləndirmək qarşıda dayanan əsas vəzifələrdəndir. "Konstitusiya və suverenlik İli" 2025-ci ildə başa çatsa da, növbəti illər Azərbaycan Respublikasının iqtisadi əsaslarının və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi mərhələsi olacaqdır.

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Seçilən
58
azerbaijan-news.az

1Mənbələr