AZ

Türkiyənin şərəfli tarixi

Türkiyə Cümhuriyyəti – 102

Bu gün qardaş Türkiyə ümumtürk inteqrasiyasını Türk Dövlətləri Birliyinə doğru yönləndirən əsas hərəkətverici qüvvə kimi dünyada yeni geosiyasi nizamın ən fəal qurucularından biri rolunda çıxış edir

Tarixin bütün zamanlarında bəşəriyyətin siyasi təkamül proseslərinin önündə gedən türklərin tarixi dünya tarixinin ən önəmli bir seqmentini təşkil edir. Tarixin ən uzun ömürlü imperiyalarından biri olmuş Osmanlının (1299-1922) varisi olan türklər Şərq və Qərb sivilizasiyalarının ən yüksək dəyərlərini vəhdətə gətirərək sağlam ruhlu türk milli ideologiyasını ərsəyə gətirməyi bacarmışlar. Türklər Birinci Dünya müharibəsindən imperiya (Osmanlı) olaraq məğlub, lakin dövlət olaraq (Türkiyə Cümhuriyyəti) qalib çıxmışlar. Onlar dünya savaşında təklənən, amma beynəlxalq imperializmə boyun əyməyən qocaman Osmanlı İmperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyətini yaratmışlar. Bu gün dünya miqyasında söz sahibinə çevrilən Türkiyə böyük Sərkərdə Mustafa Kamal Atatürkün və onun məsləkdaşlarının liderliyi ilə qəhrəman türk xalqının yaratdığı şah əsərdir.

102 yaşlı Cümhuriyyət

Bu il Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümüdür. Bu əlamətdar hadisə təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan etdi. Beləliklə, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündən sonra Türkiyə Cümhuriyyəti Türk dünyasında ay-ulduzlu bayrağı yüksəldən yeganə dövlət oldu. Lakin Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlmişdi. Birinci Dünya müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatının ortaya çıxmasına səbəb oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün görkəmli simalarından biri olan Mustafa Kamal Paşa Samsuna gələrək, Sevr müqaviləsi ilə irəli sürülən şərtləri ləğv etdi və ölkənin bütün torpaqlarının bütövlüyünü qorumağı hədəfləyən Türkiyə İstiqlaliyyət müharibəsini başlatdı. 1922-ci il sentyabrın 18-də ölkədəki bütün düşmən qüvvələr qovuldu və 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən Osmanlı mirası olan idarəetmə sistemini müasirləşdirilmiş və yeni respublika siyasi sisteminə keçid edildi. Türkiyə Böyük Millət Məclisi tərəfindən həmin il noyabrın 1-də 623 illik Osmanlı sultanlığı ləğv edildi. Lozanna müqaviləsi Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq mühitdə tanınmasını təmin etdi və 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla Respublika elan edildi. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar apardı. 1934-cü ildə çıxan soyad qanunu ilə o “Atatürk” soyadını aldı. Atatürk məhv olmaq təhlükəsinə rəğmən, bir Türkiyə Cümhuriyyəti yaratmaqla ümidlərin tamamilə yox olmasına dur deyə bilən bir şəxsiyyət idi. O çalışırdı ki, zamanın tələblərinə uyğun olaraq Türkiyəni qorusun və yaşatsın. Atatürk sonralar Azərbaycanın Sovet Rusiyasının əlində müstəmləkə halına gəldiyini görərək ürəkağrısı ilə "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" demişdir. Eyni zamanda Atatürk bəyan etmişdir ki, bir gün SSRİ dağılacaq və o zaman Türkiyə türkləri dili bir, dini bir, soykökü bir olan Azərbaycandakı türk qardaşlarının yanında olmalıdırlar: "Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam ataraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir".

Yeni dünya düzənində Türkiyə

Hazırda Türkiyə effektli və nizamyaradıcı geosiyasəti ilə siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü dövrünü yaşamaqdadır. Xüsusilə son 10 ildə yeni dünya düzəninin yaradılması prosesində Türkiyə qlobal və regional aktorlarla apardığı tarazlı siyasət nəticəsində önəmli güc mərkəzinə çevrilmişdir. Bu yüksəlişin əsasında Türkiyə Cümhuriyyətinin ədalətdən geri çəkilməyən tərəddüdsüz milli maraqlar siyasəti dayanır. Bu bir həqiqətdir ki, Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi altında bütün sahələrdə böyük inkişaf yolu keçib, hökumətinin makroiqtisadi sabitliyə və struktur islahatlara yönəlmiş səyləri zamanın sınağından uğurla çıxıb. Cari ilin ikinci rübünə dair statistik göstəricilərə nəzər salsaq görərik ki, Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz böyüyüb. Bu da onu göstərir ki, regionda və qlobal miqyasda gərginliyin davam etməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatı müsbət artımını qoruyur. Həmçinin bu ilin ikinci rübünün nəticələrinə əsasən, Türkiyənin ümumi daxili məhsulunun (ÜDM) həcmi 1 trilyon 474 milyard dollar, adambaşına düşən ÜDM isə 17 min dollara yaxın olub.

Məlumdur ki, R.T.Ərdoğan hakimiyyətə gələnə qədər Türkiyənin istehlak bazarı xarici istehsaldan asılı idi. Bu isə xarici dövlətlərin Türkiyə bazarını nəzarətdə saxlamasına və onun siyasi mühitinə təsir göstərməsinə imkan verirdi. Türkiyənin ixracatı təxminən 36 milyard dollar idisə, bu gün həmin rəqəm 269 milyard dollara yüksəlib. Son illərdə hərbi sənayesi sürətlə inkişaf edən və yeni nəsil silahlar, PUA-lar istehsal edən qardaş ölkənin silah ixracı da artıb. Belə ki, cari ilin ilk səkkiz ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 5,4 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib. Göründüyü kimi, qardaş Türkiyədə mühüm siyasi, iqtisadi addımlar atılır - bunun nəticəsində də əsaslı inkişafa nail olunub. Artıq Türkiyənin dövlət siyasətinin hədəfləri, istiqamətləri də bəllidir: Qardaş ölkə regional proseslərdə aktiv rol alır, qlobal proseslərdə mühüm iştirakçı qismində çıxış edir, İstər Yaxın Şərq problemi, istər Azərbaycan və Ermənistan arasında sülhə nail olunması məsələsi, istərsə də Ukrayna ilə bağlı gərginliklərdə Türkiyənin tutduğu mövqe bu dövlətin regional güc mərkəzinə çevrildiyini sübuta yetirir. Ən mühüm faktorlardan biri isə bütövlükdə Türk dünyasının vahid masa və vahid maraq ətrafında birləşməsinə nail olunmasıdır. Artıq bütün dünya bu faktı dəqiqləşdirdi - Azərbaycanın və Türkiyənin rəhbərliyi, müəyyənləşdirdiyi yol xəritəsinə əsasən, Türk Dövlətləri Təşkilatı (TDT) üzvü olan ölkələr arasında inteqrasiya daha da güclənir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq və qardaşlıq isə təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, indiyədək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı ilə həyata keçirilən iqtisadi layihələr həm də Orta Asiyanın türkdilli dövlətləri üçün geniş imkanlar yaradıb. İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün və təhlükəsizliyin əbədi bərqərar olması üçün edilən real təşəbbüslərin də təməlində Azərbaycan - Türkiyə qardaşlığı dayanır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Bakı və Ankaranın yürütdüyü sülhpərvər siyasət bunu təsdiq edir. İki dövlət sülhün təmin edilməsi, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaradılması, inteqrasiyanın dərinləşməsi üçün səylərini əsirgəmir.

Türkdilli dövlətlərin birləşməsində Türkiyənin rolu

Tarixin yeni nizamı, son illər dünyada baş verən proseslərin axarı, böyük dövlətlərin heç bir mənəvi meyar gözləmədən hegemonluq iddiası ilə sərgilədikləri davranışlar planetimizdəki bütün xalqların və ümumən bəşəriyyətin gələcək taleyi barədə düşünən yeni güc mərkəzlərinin yaranmasını labüd edir. Bu baxımdan, çox geniş bir coğrafiyanı və insan potensialını əhatə edən türkdilli ölkələrin Türk Dövlətləri Təşkilatı adı altında bir araya gələrək getdikcə qlobal proseslərə təsir imkanlarını genişləndirməsi təbii prosesdir. Dünyada mötəbər qurum kimi tanınan TDT-nin nüfuzu və təsir dairəsi getdikcə artmaqdadır. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində uğurlu inkişaf yolu keçən qurumun üzv ölkələrinin sıx əməkdaşlığı diqqət çəkir. Türk dövlətlərinin birliyi və həmrəyliyi istiqamətində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri genişləndirilir. Türkçülük, Türk dövlətlərinin birliyi, türk dünyasının güclənməsi ideyası hazırda çox aktualdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq səviyyədə səmərəli və real fəaliyyəti ilə bu ideyanı reallığa çevirir. Türkiyə başda olmaqla Mərkəzi Asiya, Qafqaz və Avropa arasında körpü rolunu oynayan Türk Dövlətləri Təşkilatı bu coğrafiyaların inteqrasiyasını və əməkdaşlığını təşviq edir. Beynəlxalq təşkilatlarla qurulan əlaqələr və birgə layihələr türk dünyasının beynəlxalq arenada daha fəal rol oynamasına şərait yaradır. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərini də təşviq edən TDT üzv ölkələr arasında bu sahələrdə əlaqələrin möhkəmləndirilməsi istiqamətində çalışır. Birgə təlimlər, təhlükəsizlik konfransları və terrorla mübarizə mövzularında məlumat mübadiləsi kimi fəaliyyətlər regional sabitliyin təmin edilməsinə mühüm töhfələr verir. Ən mühüm məqam isə bundan ibarətdir ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti başqa ölkələrin maraqlarına qarşı yönəlməyib. Bu qurumda bir araya gələn türk ölkələrinin məqsədi yeni bir güc mərkəzi timsalında dünya üçün problemlər, yeni konfliktlər yaratmaq deyil. Əksinə, siyasi əməkdaşlığın, imkanlardan birgə istifadə səylərinin gücü ilə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Türk Dövlətləri Təşkilatı siyasi əməkdaşlıq və diplomatiya prinsipləri üzərində bərqərar olub. Bu qurum həm üzv ölkələr, həm də də təşkilata üzv olmayan dövlətlər arasında siyasi dialoqu, əməkdaşlığı təşviq edən mühüm platformadır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
55
ikisahil.az

1Mənbələr