AZ

Nəhayət, Eçmiədzin murdarlığın zəncirindən qurtulacaqmı?..

Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə qara geyimdə canlı efirə çıxaraq bildirib ki, Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib

Bir müddət əvvəl baş nazir Nikol Paşinyan ölkə parlamentində keçirilən “Hökumət saatı”ndakı çıxışında bir daha bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq. Baş nazir erməni kilsəsini və katalikosu mənəvi dəyərlərdən uzaq olmaqda ittiham edib: “Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan (II Qareginin əsl adı-red) getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas etməyəcək”.

Məlum olduğu kimi N.Paşinyan erməni kilsəsinə və II Qareginə dəstək verən və xarici ölkələrin təhlükəsizlik xidmətləri ilə əlaqələri olan bəzi olqarxları və milyarderləri də artıq proseslərdən təcrid edib. Bir müddət əvvəl Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı həbs etmişdi. O zaman Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan TASS-a müsahibəsində bildirmişdi ki, məqsəd Rusiyanın adamının 2026-cı ildə keçiriləcək parlament seçkilərində hər hansı formatda iştirakının qarşısını almaqdır: “Samvel Karapetyan nüfuzlu adamdır, onun pulu var və o kimisə dəstəkləyə bilərdi. Məncə, Paşinyan onu bilərəkdən uzaqlaşdırıb. Bütün bunlar onun 2026-cı ildə keçiriləcək seçkilər öncəsi şəxsi ambisiyaları ilə bağlıdır”.

N.Paşinyan bu istiqamətdə geri addım atmadı. Oktyabrın 26-da Ermənistanın Araqatsot vilayətindəki Ovanavank məbədində hakimiyyət tərəfindən dəstəklənən, keşiş Stepan Asatryanın ibadət mərasimi keçirilib. Mərasimdə Asatryana açıq dəstək verən baş nazir Nikol Paşinyan, hökumət üzvləri və iqtidarda olan “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri iştirak ediblər. Ovanavank ərazisinə davamlı şəkildə yeni polis qüvvələri cəlb edilərək əraziyə nəzarət gücləndirilib.

S.Asatryanın ibadət mərasiminin keçirilməsi Eçmiədzin kilsəsi tərəfindən etirazla qarşılanıb. Bildirilib ki, Asatryanın ibadət icra etməyə haqqı yoxdur və hakimiyyət onun addımlarını dəstəkləməklə Ermənistan Apostol Kilsəsində parçalanma yaratmağa çalışır. Bir müddət əvvəl S.Asatryan Ermənistan Apostol Kilsəsinin intizam komissiyasının qərarı ilə ruhani rütbəsindən məhrum edilib. Komissiyanın nəticələrinə və Araqatsotn yeparxiyasının rəhbərinin məruzəsinə əsasən, onun ictimai çıxışları kilsəni və ruhaniyyəti nüfuzdan salıb. Bundan sonra Asatryan hökumətin kilsə strukturlarını tənqid edən siyasətini açıq şəkildə dəstəklədiyini bəyan edib.

Oktyabrın 26-da səhər tezdən baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə qara geyimdə canlı efirə çıxaraq bildirib ki, Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib və bu gün Ovanavankda keçiriləcək liturgiya bu mərhələnin başlanğıcını simvolizə edir. Baş nazir deyib ki, kilsənin indiki iyerarxları “bizim müqəddəslərin müqəddəsi-Birinci Taxt Müqəddəs Eçmiədzini murdarlığın zəncirləri altında saxlayır”.

Bundan başqa, baş nazir bəyan edib: “Eçmiədzinin azad edilməsi gündəliyi çoxdan yetişib. İzlədiyim bu hadisələr məni inandırdı ki, Ovannavank kilsəsi insanın mənəvi həyat yaşaya biləcəyi yerdir. Son aylarda baş verənlər buna sübut oldu və mən sadəcə olaraq ruhani Asatryan olan icmaya qoşulmaq istəyirəm”.

Paşinyan bəyan edib ki, Ermənistanda mənəvi həyat sürmək mümkün deyil, çünki buna Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin və ona sadiq ruhanilər mane olub: “Bir tərəfdən, biz dəyərlərə əsaslanan cəmiyyətin olması zərurətindən danışırıq və bu, mübahisəsizdir. Digər tərəfdən, sual budur ki, cəmiyyətin dəyərlərinin episentri özü çirkləndikdə buna necə nail olmaq olar"

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vaaqn Aleksanyan hətta Erməni Apostol Kilsəsinin hazırkı rəhbərliyini keçmiş prezident Robert Köçaryanın “seçki qərargahı” adlandırıb: “Mömin şəxslərin Ktriç Nersisyanla nə əlaqəsi var? O, katolikos deyil? O, Ana Kilsədə olan Ktriç Nersisyandır. Allahın izni ilə o, özü ordan gedəcək. Artıq yolun yarısındadır. Aram Asatryanın fəaliyyətinin dayandırlması bunu göstərir”

Paşinyanın sözlərinə görə, bu gün hər bir Ermənistan Apostol Kilsəsi nümayəndəsi və eləcə də ruhanilər seçim etməlidirlər. O, çıxışını Davudun birinci Məzmurunu oxuyaraq başa vurub.

Zahid Rza, “İki sahil”

Seçilən
33
ikisahil.az

1Mənbələr