AZ

ABŞ və Britaniyadan Rusiyanın enerji nəhənginə böyük zərbə - “Lukoil” sanksiyalara görə xaricdəki aktivlərini satışa çıxardı...


Rusiyanın enerji nəhəngi “Lukoil” ABŞ və Böyük Britaniyanın sanksiyalarına görə, beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb. Şirkət veb saytında yerləşdirilən açıqlamaya görə, artıq potensial təklifləri nəzərdən keçirməyə başlayıb.

Şirkətin açıqlamasında bildirilir ki, aktivlərin satışı OFAC-ın (sanksiyalar tətbiq edən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi) əməliyyatların dayandırılması ilə bağlı lisenziyasına uyğun olaraq həyata keçirilir.

"Lazım gələrsə, xaricdəki aktivlərimizin fasiləsiz işləməsini təmin etmək üçün lisenziyanın uzadılması üçün müraciət etməyi planlaşdırırıq" – deyə “Lukoil”un açıqlamasında bildirir.

Şirkət həmçinin satışla bağlı müraciətlərin qiymətləndirilməsinə başlandığını da açıqlayıb.

ABŞ sanksiyalara məruz qalan “Lukoil” və “Rosneft” şirkətlərinin əməliyyatlarını dayandırması üçün OFAC-ın verdiyi vaxt 21 noyabrda bitir.

Şirkətə qarşı sanksiyalar ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilib. ABŞ bir neçə gün əvvəl “Lukoil” və “Rosneft” şirkətlərinə sanksiya qərarı verib.

Bundan əvvəl isə “LUKoil” Britaniyanın sanksiya siyahısına əlavə edilib. “LUKoil” və “Rosneft” şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstandakı beynəlxalq layihələri, xüsusilə Xəzər Boru Kəməri Konsorsiumu (CPC), TengizChevroil, Şahdəniz, Cənubi Qafqaz Qaz Boru Kəməri, Azərbaycan Qaz Təchizatı Şirkəti və Karaçaqanak layihələri 14 oktyabr 2027-ci ilə qədər sanksiyalardan azad edilib.

Şirkətin veb saytına görə, “LUKoil” Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, Kamerun, Nigeriya, Qana, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və Konqo Respublikasındakı layihələrdə iştirak edir. Şirkət Bolqarıstan, Rumıniya və Hollandiyada da neft emalı zavodlarına sahibdir.

“LUKoil” Cenevrədə yerləşən Litasco şirkətinə, Rumıniya və Bolqarıstandakı neft emalı zavodlarına, Hollandiyada bir neft emalı zavodunda 45% paya və 2450 xarici yanacaqdoldurma məntəqəsinə sahibdir. Şirkətə qarşı sanksiyaların tətbiqindən sonra Bolqarıstan hakimiyyəti ölkə daxilində “LUKoil” aktivlərinin satışına xüsusi nəzarət tətbiq edərək, hökumətə və təhlükəsizlik xidmətlərinə potensial əməliyyatlar aparmaq və bloklamaq hüququnu verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ sanksiyalarının ölkəsi üçün "ciddi olduğunu" bildirib və onların müəyyən nəticələrinin olacağını etiraf edib. Lakin Putin bu addımların Rusiya iqtisadiyyatına fundamental təsir göstərməyəcəyini deyib.

TAHİR

Seçilən
26
baki-xeber.com

1Mənbələr