AZ

Zəngəzur dəhlizi siyasi sabitlik layihəsidir

Mütəxəsislərin hesablamalarına görə, TRİP-nin illik yükdaşıma potensialı 15 milyon tondan çoxdur

Zəngəzur dəhlizi –TRİPP (Trump Route for International Peace and Prosperity)-regionda iqtisadi inteqrasiyanın, ticarət əlaqələrinin və geosiyasi sabitliyin gücləndirilməsini hədəfləyən qlobal layihədir. Dəhliz eyni zamanda, ölkəmizin logistik mərkəz kimi mövqeyini möhkəmləndirən iqtisadi rıçaqdır. Həmçinin Orta dəhlizin əsas halqasına çevrilməklə, Şərq−Qərb ticarət axınında mühüm rola malik olmaqla Azərbaycan-Trkiyə-Mərkəzi Asiya iqtisadi əlaqələrini fiziki müstəvidə birləşdirəcək.

Son son bir neçə ildə baş verən müharibələr və ölkələrarası münaqişələr nəqliyyat dəhlizlərinin əhəmiyyətini artıran faktordur. Məsələn, Orta Dəhliz üzərindən yük daşımalarının müddəti ənənəvi dəniz yolu ilə müqayisədə iki dəfə qısa olur. Bu, Asiya ilə Avropa arasında ticarət edən ölkələr üçün əhəmiyyətli üstünlük deməkdir. Əlavə olaraq, Şimal–Cənub dəhlizi ticarət vaxtını 30 faizdən çox qısaldır, bu da yalnız daşımaların sürətini artırmır, həm də ticarət xərclərini azaltmağa və iqtisadi fəaliyyətin səmərəli olmasına imkan verir.

İqtisadçıların gəldiyi qəti qənaət belədir ki,  Zəngəzur dəhlizi  ölkələr üçün nəqliyyat və logistika baxımından ən qısa, etibarlı və iqtisadi cəhətdən səmərəli marşrutlardan biri olacaq. Dünya Bankına görə isə nəqliyyat xərclərinin hər 1 faizlik azalması beynəlxalq ticarət dövriyyəsini orta hesabla 0,8 faiz artırır. Zəngəzur dəhlizi  bu baxımdan Azərbaycan və qonşu ölkələr üçün yeni iqtisadi dividendlər yaradır.

Xüsusilə son illərdə ölkəmizin ixrac potensialı genişlənir, məhsullar daha çevik və az xərclə Türkiyə və Mərkəzi Asiya bazarlarına çatdırılır. Bunun nəticəsində ölkənin ixracda rəqabət qabiliyyəti artır. Türkiyə üçün bu dəhliz Mərkəzi Asiyaya birbaşa çıxış imkanı yaratmaqla, onun Avrasiya məkanında logistika və ticarət mərkəzi kimi mövqelərini daha da gücləndirir. Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələr isə Avropa və Türkiyə bazarlarına daha sabit və qısa marşrut əldə edir. Nəticə etibarilə, Zəngəzur dəhlizi ticarətin artması və iqtisadi dövriyyənin sürətlənməsi üçün praktik mexanizmə çevrilir. Beləliklə, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr daha sistemli və dayanıqlı formatda inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyev «Əl-Ərəbiyyə» telekanalına verdiyi müsahibədə Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun genişlənməsi və yeni geosiyasi reallıqların formalaşmasındakı rolunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bildirdi ki, bu bölgənin Ermənistana verilməsi, həm də Azərbaycanın Naxçıvanla strateji kommunikasiya imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Naxçıvan Muxtar Respublikası ilə  əlaqələr yalnız İran və Türkiyə üzərindən mümkün oldu.  Lakin 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz üçün yeni geosiyasi reallıq yaratdı. Suverenliyin bərpası ilə yanaşı, ölkəmizin başçısı  strateji əhəmiyyət daşıyan yeni təşəbbüsləri də tələb kimi irəli sürdü. Xüsusilə Vaşinqtonda keçirilən görüşlərdə dəhlizlə bağlı razılaşmanın əldə edilməsi üçün mühüm addımlar atıldı. Bildirildi ki, Zəngəzur dəhlizinin  istifadəyə verilməsi ilə Azərbaycan beynəlxalq nəqliyyat xəritəsində daha güclü mövqeyə sahib olacaq.

Məlumdur ki, bu gün Şimal–Cənub nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran üzərindən Hind okeanı və Avropa bazarlarını birləşdirir. Şərq–Qərb dəhlizi isə Çin və Orta Asiya ölkələrindən yükləri Xəzər dənizi üzərindən Azərbaycana gətirərək buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırır. Zəngəzur dəhlizi bu iki strateji dəhlizin kəsişmə nöqtəsinə çevrilməklə regionun nəqliyyat-logistika imkanlarını qat-qat artıracaq. Bu dəhliz vasitəsilə Azərbaycan yalnız tranzit ölkə statusunu gücləndirmir, həm də Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilir. 

Azərbaycan Dəmir Yolları Qapalıtipli Səhmdar Cəmiyyətinin  məlumatına görə, 2024-cü ildə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28 faiz artaraq 814 min ton təşkil edib. Eyni zamanda, Şərq–Qərb dəhlizində ümumi daşınan yük həcmi 33,258 milyon ton olub. Zəngəzur dəhlizinin  açılması bu rəqəmləri əhəmiyyətli dərəcədə artıraraq Azərbaycanın tranzit gəlirlərini artıracaq, regionun ümumi iqtisadi dinamizmini daha da yüksəldəcəkdir. Mütəxəsislərin hesablamalarına görə, ilkin mərhələdə Zəngəzur dəhlizinin (TRİİP) illik 15 milyon ton yükdaşıma potensialı var. Bundan başqa, dəhliz istifadəyə verildikdən sonra təkcə Şərq–Qərb dəhlizinin tərkib hissəsi olmayacaq. Eyni zamanda, Avropanın şimalından başlayan və Fars körfəzinə qədər uzanan Şimal–Cənub dəhlizinin də tərkib hissəsi olacaq. Bu alternativ kommunikasiya-logistika şəbəkəsi Azərbaycanın tranzit ölkə rolunu daha da artıraraq regional və qlobal miqyasda ölkəmizin geosiyasi mövqeyini xeyli möhkəmləndirəcək. Yəni, bütün yollar Zəngəzurda birləşəcək.

Zəngəzur dəhlizinin iqtisadi dəyərindən başqa onun siyasi dəyəri də böyükdür. Belə ki, dəhliz Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması üçün mühüm əhəmiyyət kəsb edəcək. Bununla bərabər, bu layihə yalnız Azərbaycan və Ermənistanı deyil, Türkiyə, İran, Rusiya, Orta Asiya dövlətləri və Avropanı birləşdirən geniş coğrafiyanı əhatə etməklə bir çox ölkələr arasındakı münaqişələrə son qoyacaq.

Bir sözlə, Zəngəzur dəhlizi Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihə, eyni zamanda, qlobal çağırışlara Azərbaycan tərəfindən verilən strateji cavabdır. Bu layihə, ölkənin geoiqtisadi baxışını təcəssüm etdirir və onun regional və qlobal iqtisadiyyatda vacib bir mərkəzə çevrilməsini təmin edəcək.  Zəngəzur dəhlizi ölkəni Türkiyə və Avropa bazarlarına birbaşa çıxışı olan, həmçinin Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirən, Çindən Avropaya uzanan Orta Dəhlizin əsas halqasına çevirəcək. Bununla da Azərbaycan öz iqtisadi şaxələndirmə siyasətini həyata keçirəcək və regional əməkdaşlıq təşəbbüslərinin müsbət nəticələrini təmin edəcək.

Elçin Zaman, «iki sahil»

Seçilən
31
ikisahil.az

1Mənbələr