AZ

Lukoyl xaricdəki aktivlərini satışa çıxardı - AÇIQLAMA

ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiyanın Lukoyl şirkəti xaricdəki aktivlərini satışa çıxardığını elan edib.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, Lukoyl beynəlxalq aktivlərini satmağı planlaşdırır: "PJSC Lukoyl elan edir ki, bir sıra ölkələr tərəfindən şirkətə və onun törəmə müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən şirkət beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcıların müraciətlərinə baxılmasına başlanılıb".

Aktivlərin satışı OFAC-ın(ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi-red.) ləğvetmə lisenziyasına uyğun olaraq həyata keçirilir. Şirkət qeyd edib ki, zərurət yaranarsa, beynəlxalq aktivlərinin fasiləsiz işləməsini təmin etmək üçün lisenziyanın uzadılması üçün müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Lukoyl və Transneft-lə mövcud müqavilələrin ləğvi üçün noyabrın 21-dək vaxt qoyub.

Lukoyl-un Azərbaycandakı layihələrinə 2027-ci ilin oktyabrına qədər sanksiyalardan istisna verilib.

Şirkətin Bolqarıstandakı neft emalı zavodunu almaq istəyənlər arasında SOCAR və Türkiyənin Çengiz Holdinq şirkətlərinin alyansı da var.

 

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr