AZ

Yaşlı insanlarda demans riskini azaldan sadə üsul tapılıb

Avstraliyalı alimlər maraqlı nəticəyə gəliblər – müntəzəm şəkildə musiqi dinləyən və ya musiqi alətlərində ifa edən yaşlı insanların demensiyaya (ağıl zəifləməsi) tutulma ehtimalı daha azdır.

Editor.az xəbər verir ki, bu barədə məlumat “Beynəlxalq Geriatrik Psixiatriya Jurnalı”nda (IJGP) dərc olunan araşdırmada yer alıb.

Tədqiqat ASPREE (Yaşlılarda Hadisələrin Azaldılması üçün AsPirin) layihəsi çərçivəsində aparılıb. Elm adamları 70 yaşdan yuxarı, ümumilikdə 11 minə yaxın iştirakçının məlumatlarını təhlil ediblər. Tədqiqatın əvvəlində bu şəxslərdə yaddaş və idrak pozğunluğu aşkarlanmayıb. Onlar orta hesabla 4,7 il ərzində müşahidə olunublar.

Təxminən üç il sonra iştirakçılardan nə qədər tez-tez musiqi dinlədikləri və ya musiqi alətində ifa etdikləri soruşulub.

Nəticələr göstərib ki, daimi şəkildə musiqi dinləyənlərdə demans riski 39%, yüngül idrak zəifləməsi riski isə 17% azdır. Müntəzəm olaraq musiqi alətində ifa edənlərdə bu göstərici 35% aşağı olub. Həm musiqi dinləyən, həm də alətdə ifa edən şəxslərdə isə demans və idrak zəifləməsi riski daha da azalıb.

Maraqlı məqam ondan ibarətdir ki, təhsil səviyyəsi bu qoruyucu effekti gücləndirib. Belə ki, 16 il və daha çox təhsil almış iştirakçılar arasında müntəzəm musiqi dinləmək demans riskini 63% azaldıb. Lakin 12–15 il təhsili olanlar arasında belə bir əlaqə müşahidə edilməyib.

Tədqiqatçılar bildiriblər ki, gələcək araşdırmalar musiqi fəaliyyətinin hansı formalarının daha təsirli olduğunu və musiqinin demansın qarşısının alınması proqramlarında tətbiqinin mümkünlüyünü müəyyənləşdirməyə kömək edəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr