2 saylı Sumqayıt Şəhər Xəstəxanasında müayinədən keçmək zülmə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Bakues.az-a şikayət daxil olub. Şikayətçinin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsi USM yoxlanışından keçmək üçün çağırışçıları bu tibb ocağına göndərir.
O, səhər saatlarından xəstəxanaya gəlməsinə baxmayaraq, böyük növbənin günün istənilən saatında olduğunu bildirib:
“Bu cür izdihamlı növbənin səbəbi bütün tibbi yoxlanışdan keçən vətəndaşların (təlimə çağırılan və çağırışçılar) bura göndərilməsidir. Xəstəxanada bir nəfərin yoxlanışdan keçməsi təxminən yarım saat çəkir. İnsanlar bu vəziyyətə elə öyrəşiblər ki, xəstəxəna növbə verməsə də, növbədə gözləyənlər özləri vərəqdə siyahı tuturlar. Təsəvvür edin ki, xəstəxana açılan kimi yoxlanışa yaxınlaşırsan və növbədə 23-cü olursan. Həkimlər isə 20 nəfərdən çox adam qəbul etməyəcəklərini bildirirlər”.
Şikayətçi artıq 3 gündür müayinə olunmaq üçün xəstəxanaya gəldiyini, lakin hələ də sırasının çatmadığını qeyd edib:
“Əlavə olaraq bildirim ki, tam Abdomen USM (qarın boşluğu USM) üçün acqarına (6-8 saat əvvəl heç nə yeməməlisən) girməlisən. İndi məntiqlə düşünək. Bir insan bu qədər müddət ac növbədə necə gözləsin?!”.
 
                        