“Trampın müharibənin, ümumiyyətlə, Ukraynadakı böhranın həlli ilə bağlı konsepsiyası nəyi ehtiva edirdi? Bu konsepsiya əsasında müharibənin dayandırılması, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi və bundan sonra diplomatik danışıqların başlanması nəzərdə tutulurdu. Başqa sözlə desək, Tramp bunu indiki çıxışlarında da təkrar edir. Konsepsiyanın əsas elementləri arasında atəşkəsin elan olunması, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi və münaqişənin dayandırılması var. Lakin Rusiya tərəfi davamlı olaraq atəşkəsin elan olunmasını deyil, birbaşa sülhün əldə olunmasını tələb edir. Bu səbəbdən Trampın konsepsiyasını qəbul etdiyini bəyan etməsi tam səmimi görünmür”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukrayna ilə bağlı konsepsiyasını qəbul etməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov açıqlayıb. Lavrov bildirib ki, Putin ABŞ-ın təqdim etdiyi konsepsiyanı qəbul etməyə və “təklif əsasında praktik addımlar atmağa” hazırdır. Lakin ABŞ hələ bu təklifə birbaşa cavab verməyib. O əlavə edib ki, tərəflər təklifləri diqqətlə nəzərdən keçirmək üçün fasilə verməkdə razılığa gəliblər.
Siyasi şərhçi bildirib ki, bəyanatın qəbul olunması üçün əsas şərt münaqişənin tam dayandırılması və Ukraynaya təhlükəsizlik zəmanətinin təmin edilməsidir.