AZ

Böyük Britaniyada tibb bacılarına qarşı irqçilik 55 faiz artıb

Böyük Britaniyada tibb bacılarına qarşı irqçilik 55 faiz artıb

Böyük Britaniyada tibb bacılarının iş yerlərində üzləşdikləri irqi insidentləri bildirmə halları son üç ildə 55 faiz artıb.

Ölkədə tibb bacılarını təmsil edən Kral Tibb Bacıları Kollecinin (RCN) yayımladığı məlumatlara görə, hər gün orta hesabla üç tibb bacısı irqçiliklə bağlı ayrı-seçkilik səbəbindən RCN-in məsləhət xəttinə müraciət edir.

Məlumatda qeyd olunur ki, 2022-ci ildə təxminən 700, 2023-cü ildə 800, ötən il isə 900-dən çox müraciət qeydə alınıb. Mövcud tendensiya davam edərsə, bu ilin sonuna qədər müraciətlərin sayının 1000-i keçəcəyi gözlənilir.

RCN bildirib ki, son üç ildə tibb bacılarının iş yerlərində irqi insidentləri bildirmə halları 55 faiz artıb, lakin bir çox insidentlərin ümumiyyətlə rəsmi şəkildə bildirilmədiyi üçün real sayın daha çox ola biləcəyi ehtimal edilir.

RCN səhiyyə və sosial xidmət sektorundakı işəgötürənləri irqçiliklə mübarizəyə üstünlük verməyə, həmçinin həmkarlar ittifaqları ilə əməkdaşlıq edərək işçilərin müdafiəsi üçün daha güclü mexanizmlər qurmağa çağırıb.

Kollec həmçinin hökumətləri və siyasətçiləri miqrantlara qarşı nifrət dolu ifadələrdən istifadə etməməyə çağırıb.

RCN-in Baş katibi professor Nikola Reyncer məsələ ilə bağlı açıqlamasında tibbi və sosial xidmətlərdə irqi insidentlərin bu şəkildə artmasını utancverici olduğunu bildirib: “Hər bir tibb bacısı qorxmadan işləmək hüququna malikdir və işəgötürənlərin təhlükəsiz iş mühiti yaratmaqla bağlı qanuni məsuliyyəti var. Əgər səhiyyə və sosial xidmət müəssisələri iş yerlərini tibb bacıları üçün təhlükəsiz mühitə çevirə bilməsələr, bu işçilərin peşəni tərk etməsi və xidmətlərin daha az təhlükəsiz şəkildə göstərilməsi təəccüblü olmayacaq.”

Seçilən
21
afn.az

1Mənbələr