Monteneqroda həftə sonu bir yerli sakinin bıçaqlanmasından sonra baş verən zorakılıq hadisələri nəticəsində onlarla Türkiyə vətəndaşı və azərbaycanlılar saxlanılıb.
Türklərə tətbiq olunan viza sərbəstliyinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar veriləcəyi açıqlanıb.
Polis paytaxt Podqoritsanın Zabjelo bölgəsində yerli bir sakinin türklər tərəfindən bıçaqla yaralandığını bildirib.
Hadisədən sonra onlarla Türkiyə və Azərbaycan vətəndaşının saxlanıldığı və zorakılıq hadisələrinin baş verdiyi açıqlanıb.
Prezident Yakov Milatoviç sakitliyə çağırış edib, Baş nazir Miloyko Spajiç oktyabrın 27-də, bazar ertəsi günü verdiyi açıqlamada "təcili prosedurla" Türkiyə vətəndaşlarına tətbiq olunan viza sərbəstliyinin "müvəqqəti olaraq dayandırılması" ilə bağlı qərar veriləcəyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı açıqlama verməyib.
Türkiyə Xarici İşlər Nazirliyi hadisələri "təəssüf doğuran" kimi qiymətləndirib, hadisələrin baş verməsindən sonra Monteneqro rəsmiləri ilə əlaqə saxlanıldığını və Türkiyə vətəndaşlarının təhlükəsizliyi üçün tədbirlərin görüldüyünü açıqlayıb.
Mövcud qaydalara əsasən, Türkiyə vətəndaşları Monteneqroda180 gün ərzində 90 gün vizasız səyahət edə bilirlər. Azərbaycan vətəndaşları bu ölkədə il ərzində 90 gün vizasız giriş-çıxış edə bilərlər, Azərbaycan Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Hadisə necə baş verib?
Reuters xəbər agentliyi 25 oktyabr şənbə gecəsi bir Monteneqro vətəndaşının bir qrup türklə mübahisədən sonra bıçaqlandığını, yaralanan şəxsin həyati təhlükəsinin olmadığını bildirib.
Bazar günü isə onlarla şəxsin Türkiyə nömrəli avtomobillərə hücum etdiyi, bəzi Türkiyə vətəndaşlarının bir kazinoya sığınmağa məcbur qaldığı qeyd olunub.
Polis bıçaqlanma hadisəsi ilə bağlı biri Türkiyə, biri azərbaycanlı olmaqla iki nəfərin saxlanıldığını açıqlayıb.
Bu iki şəxsdən əlavə, etibarlı yaşayış icazəsi olmayan 45 Türkiyə və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilib.
Polis bildirib ki, saxlanılan şəxslərdən 7-si cərimə edilib, 8-si isə ölkədən deportasiya ediləcək.
13 min türk
Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkədə müvəqqəti və ya daimi yaşayış icazəsi olan 100 min əcnəbinin 13 mini türkdür.
Rəsmilər bildirib ki, getdikcə daha çox Türkiyə vətəndaşı Adriatik dənizinin Balkan sahilində yerləşən 620.000 əhalisi olan Monteneqroda biznes qurur və ya iş axtarır.
Monteneqro - kasıb, lakin zəngin tarixi olan ölkə
Əsas gəlir mənbəyi turizm olan Monteneqronun yaxın illərdə Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlaması gözlənilir.
Baş nazir Miloyko Spajiç sosial media platformasında verdiyi viza ilə bağlı açıqlamasında belə deyib:
"Sabah, təcili prosedur çərçivəsində, Türkiyə vətəndaşları üçün vizasız səyahət rejiminin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edəcəyik.
"İqtisadi fəaliyyətləri və yaxşı ikitərəfli münasibətləri qorumaq məqsədilə, qarşıdakı dövrdə, yaxşı əməkdaşlıq və tərəfdaşlıq ruhu içində, qarşılıqlı maraqlarımıza ən uyğun modeli tapmaq üçün Türkiyə Respublikası ilə intensiv danışıqlara başlayacağıq".
Zorakılıq hadisələrini qınayan Prezident Yakov Milatoviç bildirib ki, "kollektiv şəkildə günah yükləməyə və bütöv bir xalqı damğalamağa yer yoxdur".
"Montenoqrun daha məsuliyyətli bir miqrasiya siyasətinə ehtiyacı var: İstismara və cinayətə qarşı qətiyyətli, qanunlarımıza hörmət edən hər kəsə qarşı ədalətli bir siyasət", - Milatoviç əlavə edib.