AZ

Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı: “Mümkün qədər çölə çıxmamağa çalışırıq”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son illər Monteneqro əmək bazarında Azərbaycan vətəndaşlarının sayı çox artıb. Xüsusilə Türkiyə tikinti şirkətlərinin iş həcminin çoxalması bizimkilərə də Avropa ölkəsində çalışmaq imkanları yaradıb. Monteneqronun Şengen zonasında yerləşməməsi azərbaycanlılara yeni qapı açıb. Lakin son günlər baş verən qalmaqal bu baxımdan işləri çox korlayıb.

Bizimyol.info xəbər verir ki, oktyabrın 25-də axşam saatlarında Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşları ilə insident yaşanıb. 25 yaşlı monteneqrolu türkiyəlilərdən ibarət qrupla mübahisə edib, qarşılıqlı təhqirlərdən sonra bıçaqlanıb. O, yaralansa da, həyatına təhlükə yoxdur.

Cəmiyyətin bıçaqlanma hadisəsinə sərt reaksiyası və türkiyəlilərə qarşı qəzəbi vəziyyətin gərginləşməsinə səbəb olub. Yerli sakinlər Türkiyə nömrə nişanlı avtomobillərə zərər vurublar. Həmçinin türkiyəlilərə məxsus bir restoranın yandırılması barədə də xəbər yayılıb.

Hadisədən sonra Türkiyədən olan miqrantlara qarşı müxtəlif formada təzyiqlər başlayıb. Proses azərbaycanlıların da zərərinə işləyib. Nəticədə Türkiyə vətəndaşları ilə yanaşı, bu ölkədə yaşayan və işləyən xeyli azərbaycanlı da saxlanılıb.

Məlumatı Monteneqroda günəmuzd işləyən azərbaycanlılardan biri Bizimyol.info xəbər portalına təsdiqləyib:

“Vəziyyət həqiqətən yaxşı deyil. Özümüz də gərginlik içindəyik. Bəzi yerli sakinlər qəzəblidir deyə, xoşagəlməz hadisənin baş verməsindən ehtiyat edirik. Mümkün qədər çölə çıxmamağa çalışırıq. Buradakıların çoxu günəmuzd fəhləliklə məşğuldur. Heç hamının pulunu düz-əməlli vermirlər. Çoxdan yığılıb qalmış pullarımız olduğuna görə dərhal çıxıb gedə də bilmirik. Bir çox azərbaycanlıların da sənədləri qaydasında deyil, qeydiyyat problemi var. Bunu da bəhanə gətirib, nə qədər adamı saxlayıblar.

Monteneqroda azərbaycanlıların saxlanmasını polis də təsdiqləyib. Saxlanılanılan azərbaycanlılardan biri olan 31 yaşlı şəxsin, hətta bıçaqlanma hadisəsində şübhəli bilindiyi iddia edilir. Digərlərinin isə qanunsuz miqrasiyaya görə saxlandığı haqda məlumat verilib.

Bıçaqlanma hadisəsinə görə həmçinin Türkiyə vətəndaşı da saxlanılıb.

Polisdən verilən məlumata görə, sənəd problemlərinə görə ümumilikdə 40-dan artıq Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb. Onların bir qisminə cərimə kəsilib, bir hissəsinin isə deportasiyasına qərar verilib.

Baş verənlərə ölkə rəhbərliyi səviyyəsində reaksiya verilib. Prezidenti Yakov Milatoviç cəmiyyəti sakitliyə çağırıb. Baş nazir Miloyko Spayiç isə hökumətin türkiyəlilər üçün vizasız rejimi müvəqqəti dayandıracağını açıqlayaraq, onları sakitləşdirməyə çalışıb.

Eyni zamanda, öz həmyerlilərinin Spayiç Türkiyə vətəndaşlarına qarşı zorakılığını pislədiyini də dilə gətirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 27-də baş nazir Spayiç və həmkarı Ervin İbrahimoviçlə telefonla danışıb. Fidan bildirib ki, rəsmi Ankara Monteneqro hakimiyyətindən Türkiyə vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün lazımi tədbirlər görməsini gözləyir.

Monteneqro daxili işlər naziri Danilo Şaranoviçin sözlərinə görə, ölkədə daimi və ya müvəqqəti qeydiyyatda olan 100 min əcnəbidən təxminən 13 mini Türkiyə vətəndaşıdır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
bizimyol.info

1Mənbələr