Ankara, 27 oktyabr, AZƏRTAC
Türkiyə istehsalı olan “Altay” tankının ilk buraxılışı oktyabrın 28-də keçiriləcək mərasimdə ölkənin Silahlı Qüvvələrinin komandanlığına təqdim olunacaq. Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, təntənəli mərasim Ankaranın Kahramankazan rayonunda yerləşən “BMC” şirkətinin yeni zirehli texnika istehsalı müəssisəsində keçiriləcək.
Paytaxtın həmin rayonunda tank mühərriklərinin hazırlanması da təşkil olunub və bu məqsədlə “BMC Power” adlı törəmə müəssisə yaradılıb. “Altay”ın Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının əsas döyüş tankına çevriləcəyi gözlənilir.
Türkiyə mediasının məlumatına görə, cari ilin sonunadək Silahlı Qüvvələr “Altay” T1 modifikasiyalı üç seriyalı tank alacaq, 2026-cı ildə – 11, 2027-ci ildə – 41, 2028-ci ildə isə daha 30 ədəd tankın təhvil verilməsi planlaşdırılır. Beləliklə, 2028-ci ilədək Türkiyə Silahlı Qüvvələrinin arsenalı ümumilikdə yerli istehsal olan 85 ədəd tankla zənginləşəcək.
Sonrakı illərdə isə yerli “Batu” mühərriki ilə təchiz olunmuş “Altay” T2 modifikasiyalı əlavə 165 ədəd tankın istehsalının təşkil edilməsi nəzərdə tutulur.
Beləliklə, yaxın illərdə Türkiyə istehsalı olan seriyalı tankların ümumi sayı 250-yə çatacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara