ain.az bildirir, Bizimyol portalına istinadən.
Amerikanın Müharibənin Tədqiqi İnstitutu (MTİ) bildirir ki, Rusiya Baş Qərargahı prezident Vladimir Putinə cəbhədəki real vəziyyətlə heç bir əlaqəsi olmayan məlumatlar təqdim edir.
Bizimyol.info xəbər verir ki, MTİ bu barədə Putinin hərbi rəhbərliklə keçirdiyi son görüşə istinadla məlumat yayıb.
Məlumata görə, Baş Qərargah rəisi Valeri Gerasimov görüşdə bildirib ki, Rusiya ordusu guya Pokrovsk istiqamətində 5 500 ukraynalı əsgəri mühasirəyə alıb və 31 batalyonu bloklayıb. O, həmçinin Kupyanskın da mühasirəyə alındığını, orada 5 minə yaxın ukraynalı hərbçinin sıxışdırıldığını iddia edib.
MTİ qeyd edir ki, bu iddialar həqiqətə uyğun deyil. İnstitutun təhlilinə görə, ruslar Volçansk şəhərinin cəmi 23%-nə nəzarət edirlər, Gerasimovun dediyi 70%-ə yox. Severskdə rus qoşunlarının iştirakı barədə isə ümumiyyətlə sübut yoxdur.
Hətta bəzi rusiyalı Z-bloqerlər belə Gerasimovun hesabatına etiraz edərək, Pokrovsk və Kupyanskda Ukrayna qüvvələrinin mühasirəyə alınması barədə məlumatların uydurma olduğunu bildiriblər. Onların fikrincə, Gerasimov Ukrayna ərazisinə qısa müddətlik sızan kiçik qrupların əməliyyatlarını “ərazi ələ keçirilməsi” kimi təqdim edir.
MTİ xatırladır ki, Gerasimov bu ilin əvvəllərində də Putinə minlərlə ukraynalı əsgərin Kursk vilayətində guya mühasirəyə düşdüyü barədə raport vermiş, lakin bu da sonradan təsdiqlənməmişdi.
Analitiklərin fikrincə, Rusiya Baş Qərargahı xəritələrdə hətta “boz zona” adlanan mübahisəli əraziləri və rus diversiya qruplarının qısa müddətlik daxil olduğu bölgələri də “tam nəzarətdə olan ərazi” kimi göstərir.
Gerasimovun özünün bu məlumatlara inanıb-inanmadığı bəlli deyil. Amma Putinə məhz bu yanlış məlumatlar təqdim olunur. Ola bilsin ki, Putin özü də şişirdilmiş məlumatların ötürülməsinə ictimaiyyətdə yaranmış ruh düşkünlüyünə təsir etmək üçün rəvanc verir. Bu isə dövlət başçısının bilərəkdən xalqı aldatması anlamına gələr.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.