Son dövrlərdə tez-tez qarşılaşdığımız hallardan biri insanların öz psixoloji problemlərini süni intellektə danışmasıdır. İnsanlar artıq yalnız dostlara, ailəyə və ya peşəkar psixoloqlara deyil, həmçinin müxtəlif süni intellekt proqramlarına da müraciət edirlər.
Bəs süni intellekt psixoloqlara tələbatı azalda və ya tamamilə onları əvəzləyə bilərmi?
Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyevanın sözlərinə görə, süni intellektə hazırkı dövrdə tələbat çox artıb:
"İnsanların düşüncəsinə görə, süni intellektlə danışıq onların psixikasına yaxşı təsir göstərə bilir. Süni intellekt əlçatan, seans almadan əlaqə yarada biləcəyimiz proqramdır. İlkin rahatlama mərhələsi üçün süni intellekt bir çox insanlara dəstək ola bilir.
Ancaq gəlin unutmayaq ki, süni intellekt bir insan deyil və psixoloqların yanaşma forması qətiyyən onda ola bilməz. Çünki onlarda insan kimi empati qabiliyyəti yoxdur. Travmalar, şəxsiyyət pozuntuları, ailədaxili zorakılıqlar, hekayələr - bunlar qarşılıqlı üz-üzə, təmas olmadan bir neçə cümlə ilə süni intellektə yazaraq qətiyyən həll olunacaq məsələlər deyil. Mütləq dərəcədə bunlar bir neçə görüşlə, ətraflı danışılaraq və daxili kökünə baxaraq həll olunacaq məsələlərdir. Yaşadığımız hekayələri bir neçə cümlə ilə süni intellektə yazıb hazır motivasiya cümlələri ilə həyatımıza yön verə bilmərik. Elə həssas insanlar var ki, süni intellektin cavabları onları daha da pis edə bilər".

Psixoloq hesab edir ki, gələcəkdə süni intellekt psixoloqları əvəz etməyəcək, sadəcə süni intellekt psixoloqların işini nisbətən rahatlaşdıra bilər.
"Məsələləri daha dərindən, duyğusal olaraq başa düşmək psixoloqun işidir", - deyə Nabat Mirzəyeva vurğuladı.
Aytəkin TOFİQQIZI