Qonşu Gürcüstandakı etiraz aksiyaları səngimək bilmir. Parlament seçkilərinin üzərindən 20 gündən artıq vaxt ötür və hələ də müxalifət məğlubiyyətlə barışa bilmir. Hakim “Gürcü Arzusu” isə qətiyyətli şəkildə sərt müqavimətini davam etdirir.
Son olaraq, ölkənin sabiq prezidenti Salome Zurabişvilinin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Artıq iki ilə yaxındır həm də Fransa vətəndaşlığını daşıyan Zurabişvili kürsüsünü tərk etsə də, görünən odur ki, bununla barışa bilmir.
Ekspertlər hesab edirlər ki, qonşu ölkədə baş verənlərin arxasında Qərb dairələri dayanır. Səbəb kimi son illərdə Gürcüstanın yenidən “Rusiya üçbucağı”na qayıtması göstərilir... ABŞ başda olmaqla, “Qərb bloku”nun heç bir halda Gürcüstanı Rusiyaya güzəştə getməyəcəyi bildirilir.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, Gürcüstanda ötən ilin oktyabrından bəri, 320 gündən çoxdur ki, siyasi etirazlar səngimir:
“Bu, müstəqil Gürcüstan tarixi üçün ən uzunömürlü sivil aktivizm olaraq qeydə alınacaq. Hələ ki, bir nəticəyə nail olmasalar da, davamiyyətlərini qorumaları baxımından diqqətəlayiqdirlər. Gürcüstan hakimiyyətinin Rusiya yönümlü, Avrointeqrasiyanı axsadan siyasi qərarlarına etiraz əlaməti olaraq, o cümlədən bu siyasətin aparıcı gücü olaraq “Gürcü Arzusu” partiyasının ötən ilki Parlament, Prezident və bu ilki bələdiyyə seçkilərində qalib gəlməsi əleyhinə alovlanan etirazların nə ilə nəticələnəcəyi qeyri-müəyyən olaraq qalır. Gürcüstan 2003-cü ildə “Qızılgül inqilabı”na yuvarlanan bir ölkədir. Bu “inqilabın” nəticəsi 2008-ci ildəki Rusiya ilə müharibə nəticəsində itirilmiş torpaqların Rusiya tərəfindən tanınması oldu. Müəyyən müddət sonra “demokratik” inqilab öz dəyərlərini tapdalamağa başlamışdı, belə ki, həbs dalğasına görə 2003-2012-ci illər Gürcüstan üçün kolossal idi.
Həmin illərdə 30 mindən çox məhbus sayı ilə ümumi əhali sayına nisbətdə Gürcüstan dünyanın ən çox məhbusu olan ölkə elan olunmuşdu, hətta inqilabın mentorları (Open Society Foundation) öz hesabatında bu faktı etiraf edirdilər. 2012-ci ildə hakimiyyəti ələ alan “Gürcü Arzusu” isə o zaman məhbusların 2/3-nü azad etməklə tərəfdaşlarını artırmışdı. “Qızılgül inqilabının” davamçıları hazırki Gürcüstan hakimiyyətini siyasi həbslərdə günahlandırırlar. Başqa ifadə ilə, tarix bumeranqı yaşanır. Bu dəfə inqilabda kimin və hansı dəyərlərin qalib gələcəyini Gürcüstan xalqı müəyyən edəcək. Avropa onları daha çox inqilaba təşviq etmək üçün əlindən gələni edir. Etiraz aksiyalarında Avropa siyasətçiləri açıq şəkildə iştirak edir. Məsələn, bu yaxınlarda Cənubi Qafqaz səfəri ilə həm də Tiflisdə olan ATƏT Sədri (eyni zamanda Finlandiya XİN-i) Elina Valtonen ictimai asayiş qaydalarını pozduğuna görə Gürcüstanda 1600 avro cərimə olunub. Almaniya səfiri etirazlar zamanı məruz qaldığı zorakılığa görə bu günlərdə geri çağırılıb. Bunlar Gürcüstan-Aİ münasibətləri üçün ilkdir və münasibətləri dalana doğru aparır. Aydındır ki, Aİ ölkələri bundan sonra hazırki hakimiyyətin legiimliyini tanımayacaqlar.
Bələdiyyə seçkiləri sonrası təkrar alovlanan etirazlar fonunda, yəni bir neçə gün öncə İsveç parlamentinin Aİ məsələləri komitəsinin sədri Erik Ottosson “Gürcüstan hakimiyyətinin Maydan inqilabına bənzər şəkildə devrilməsi mümkündür” deyə açıq çağırış edib. Göründüyü kimi, Avropa Gürcüstan hakimiyyətinin devrilməsində maraqlıdır. Bunun üçün maddi və digər resurslarını əsirgəməyəcəkdir. Lakin “Gürcüstan xalqı üçün sülh və sabitlik, yoxsa Şengen vizası daha önəmlidir?” dilemma olaraq qarşıdakı dövrdə məlum olacaq. Belə ki, Aİ rəsmiləri Gürcüstanda bir sıra qruplar üçün vizasız səyahət rejimini ləğv etmək qərarını yaxın zamanlarda səsverməyə çıxaracaqlar və bu qərar qəbul olunarsa inqilabı daha çox alovlandırmaq məqsədinə xidmət etmiş olacaq. Elə buna görə də prezident Kavelaşvili açıq şəkildə bəyan edir ki, Tiflisdəki etiraz aksiyası xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunur”.
Cavanşir ABBASLI
Musavat.com