Ət düzgün bişməsə, ölümə səbəb ola bilər
Hazırda heyvan bazarları qapalıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi diri heyvanların bazara çıxarılmasına oktyabrın 25-dən qadağa qoyub. Bu, regionda mal-qara arasında dabaq xəstəliyinin yayılması təhlükəsi ilə bağlıdır. AQTA əhaliyə yalnız təsərrüfatlardan və baytar nəzarətindən keçmiş, uyğunluq sertifikatı olan ət kəsmi məntəqələrindən ət almağı tövsiyə edir. İnsanlarsa xəstə heyvan əti ola biləcəyindən ehtiyatlanaraq ətdən bir müddət imtina etməyi daha doğru sayırlar.
Qida məsələləri üzrə ekspert Ağa Salamov isə Sherg.az-a açıqlamasında qeyd etdi ki, ətin tərkibində dabaq virusundan da ağır bakteriya var:

- Bütün ətlərin tərkibində patogen bakteriya – E.koli (bağırsaq çöpləri) olur. Bu, çox ciddi, çox təhlükəli bakteriyadır. Ət düzgün bişirilmirsə, çiy qalırsa bu bakteriya insan orqanizmində qida zəhərlənməsi yarada bilər, hətta ölümə də səbəb olar. E.kolinin müxətlif ştamları var. Bir çoxları zərərsizdir. Amma 0157:H7 serotipi güclü qida zəhərlənməsi yarada bilir. Yəni, istənilən ət, istər dana əti olsun, istər quzu düzgün şərtlərdə bişirilməlidir. Ət çiy qalırsa, tam bişmirsə, istə dabaq xəstəliyinə tutulmuş heyvanın əti olsun, istərsə də sağlam görünən heyvanın əti, bütün hallarda təhlükəlidir. Heyvan mənşəli ətlər düzgün qaydada – 75 dərəcə temperaturda qaynadılaraq bişirilməlidir. Bu halda o, heç bir təhlükə daşımayacaq.