Gürcüstan Parlamenti Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyət göstərən “Evronest” Parlament Assambleyasının iclasında iştirakdan imtina edib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avropa inteqrasiyası komitəsinin sədri Levan Maxaşvili sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan nümayəndə heyəti Yerevanda keçirilən “Evronest”in 12-ci plenar sessiyasında iştirak etməyib. Qərar Avropa Parlamentinin bəzi üzvlərinin Gürcüstandakı müxalifəti və etiraz aksiyalarını dəstəkləməsi ilə əlaqədar qəbul olunub.
Maxaşvili bildirib ki, Avropa Parlamentinin bəzi üzvlərinin və “Evronest”in fəaliyyətində iştirak edən siyasətçilərin “düşmənçilik xarakterli ritorikası tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə ziddir”. O, Avropa deputatlarının Tbilisidə keçirilən aksiyalara qoşularaq bəyanatları ilə radikallaşmanı təşviq etdiyini də qeyd edib.
Eyni zamanda, Azərbaycan da “Evronest” iclasında iştirakdan imtina edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bəyan edib ki, “Evronest”də qəbul olunan sənədlər və bəyanatlar ölkənin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə ziddir.
Nuriyyə NATİQQIZI