AZ

“Bakı üçün Tiflisdəki sabitlik həyati vacibdir” - DETALLAR

Siyasi analitik: “Paşinyan “sülh mələyi” rolunu oynamır, əksinə...”

Ermənistan üçün “sülh” hələ də tanış olmayan bir məfhum olaraq qalır. Baş nazir Nikol Paşinyan parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı ölkənin Azərbaycanla münasibətlərinin normallaşmasına toxunaraq, sülhün bərqərar olması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Ermənistan müstəqillik əldə etdiyi ilk gündən bəri davamlı münaqişə vəziyyətində olub.

Daha əvvəl isə Paşinyan “əsl Ermənistan” ideologiyasını “böyük Ermənistan” anlayışı ilə müqayisə edərək, ölkənin iqtisadi inkişafı naminə ərazi iddialarından imtinanın zəruriliyini vurğulamışdı.

Eyni zamanda qonşu Gürcüstanda vəziyyət stabillikdən uzaqdır. Tiflisdə, keçmiş prezident Salome Zurabişvilinin iştirakı ilə keçirilən kütləvi etiraz aksiyaları yeni parlament seçkiləri və həbsdəki fəalların azad olunması tələbi ilə davam edir. İştirakçılar “Sona qədər, qələbəyə qədər!” şüarı altında parlamentə yürüş edirlər. Aksiya artıq 333 gündür ki, ardıcıl olaraq keçirilir və ölkədə siyasi gərginliyin dərinliyini göstərir.

Ermənistan və Gürcüstandakı vəziyyət, eləcə də Cənubi Qafqazdakı etnik və siyasi gərginliklər regionun gələcəyi barədə suallar doğurur. Sülh və stabilliyin bərqərar olması üçün qarşıda həm daxili, həm də regional səylər tələb olunur.

azer.jpg

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Ermənistanın baş naziri Nikol Paşinyanın “əsl Ermənistan” ideologiyası ilə “böyük Ermənistan” ideologiyası arasındakı fərq, bu ölkənin son illərdə keçirdiyi siyasi və ideoloji transformasiyanın mahiyyətini aydın şəkildə göstərir. Əgər “böyük Ermənistan” ideologiyası uzun illər boyunca erməni cəmiyyətində ekspansionist, militarist və revansçılıq düşüncəsini qidalandırmışdısa, “əsl Ermənistan” ideologiyası bu yanaşmanı dəyişməyə, reallıqla uzlaşmağa cəhd göstərir. Paşinyanın bu ideoloji istiqaməti əslində Ermənistanın hərbi məğlubiyyətindən və Azərbaycanın gücünü, regionda yeni geosiyasi nizamı qəbul etməyə məcbur qalmasından qaynaqlanır.

Paşinyan “sülh mələyi” rolunu oynamır, əksinə, zərurət qarşısında sülh ritorikasını önə çıxarır. Müharibəni uduzmuş, iqtisadiyyatı zəif, ordusu dağılmış və cəmiyyəti dərin psixoloji sarsıntı içində olan bir dövlət üçün Azərbaycanın qarşısında yeni hərbi qarşıdurmaya getmək intihar demək olardı. O, bunun fərqindədir. Həm iqtisadi göstəricilər, həm əhali sayındakı fərq, həm də beynəlxalq siyasi reallıqlar Ermənistanın açıq müharibəyə girməsini mümkünsüz edir. Bu səbəbdən Paşinyan üçün real siyasət Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanımaq, lakin daxili ictimai rəyi sakit saxlamaq üçün sülh prosesini “erməni xalqının gələcəyi” kimi təqdim etməkdir”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanda münaqişə ideologiyasının uzun illər davam etməsi nəticəsində formalaşan cəmiyyətin psixologiyasını tam dəyişmək asan deyil:

“Müharibənin uduzulması bu düşüncəni sarsıtsa da, cəmiyyətin bir qismi hələ də köhnə revanşçılıq duyğularından əl çəkməyib. Kilsə və müxalif dairələr bu əhval-ruhiyyəni diri saxlamaqla, Paşinyanın sülh təşəbbüslərinə qarşı ideoloji müqavimət göstərirlər.

Ermənistan Apostol Kilsəsi öz təsir dairəsini itirmək istəmir və siyasi proseslərdə yenidən nüfuz qazanmaq üçün dini və milli hissləri manipulyasiya etməyə çalışır. Bu isə Ermənistan daxilində parçalanmanı daha da dərinləşdirir, cəmiyyətin “sülh” və “revanş” tərəfdarları olaraq iki düşərgəyə bölünməsinə səbəb olur”.

Azər Hüseynov Gürcüstandakı etirazlarla bağlı mövqeyini də münasibət bildirib:

“Gürcüstanda uzun müddətdir davam edən siyasi çalxalanmalar regionun sabitliyi üçün ciddi əhəmiyyət daşıyır. Gürcüstanda Rusiya tərəfdarları ilə Qərb yönümlü qüvvələr arasında gedən mübarizə, Cənubi Qafqazda geosiyasi balansın necə formalaşacağını müəyyənləşdirəcək. Bu proseslərdə Azərbaycanın maraqları birbaşa iştirak edir. Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlının vəziyyəti, bu ölkə ilə Azərbaycanın enerji, nəqliyyat və ticarət əlaqələrinin strateji əhəmiyyəti nəzərə alınarsa, Bakı üçün Tiflisdəki sabitlik həyati vacibdir.

Azərbaycan həm Gürcüstanda baş verən siyasi hadisələri, həm də Ermənistanda yaranan yeni ideoloji istiqamətləri diqqətlə izləməlidir. Ermənistan hər nə qədər sülh mesajları versə də, bu ölkənin daxilindəki revanşist qüvvələr və xaricdəki diaspor strukturları hələ də Azərbaycanın əleyhinə fəaliyyət göstərməkdə davam edir. Ona görə də Azərbaycan həm diplomatik, həm də təhlükəsizlik baxımından ehtiyatlı və balanslı siyasət yürütməlidir”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
52
50
musavat.com

10Mənbələr