Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq "Azəristiliktəchizat" ASC üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.
Publika.az Palataya istinadən xəbər verir ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149,3 milyon manat, xaricolmalar üzrə 146,7 milyon manat olub.
Auditlə əsasən aşağıdakılar müəyyən edilmişdir.
İstehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27140,1 min manat və 27140,1 min manat) və enerji (müvafiq olaraq, 5794,1 min manat və 5834,4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57,5%, 2024-cü ildə isə 57,1% təşkil etmişdir ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdən olmuşdur.
İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmamışdır.