“Bu ölkədə 14 il boyunca ən yüksək alimenti mən ödəmişəm”
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub. Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.
Musavat.com xəbər verir ki, E.Nəsirov TV Müsavata açıqlamasında baş verənlərin ona qarşı təxribat olduğunu bildirib.
Aparıcı Sevinc Telmanqızının suallarını cavablandıran deputatın sözlərinə görə, bu hadisənin Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevlə bağlı tənqidi çıxışlarla əlaqəsi ola bilər:
“Mən müvafiq qurumlara bu barədə müraciət etmişəm ki, araşdırılsın”.
Aparıcının “bu xanım gerçəkdən sizin övladınızdır” sualına cavabda isə E.Nəsirov L.Əliyevanın onun qızı olmasını təsdiqlədi: “Amma əsas sual odur ki, niyə bu adam bu müddətdə tapılmayıb. Heç bir problemi yoxdur. Yaşı da kifayət qədər böyükdür. Hazırda iki yeni evi var, yeni tikili tikilir. Orda evləri də var. Onların ümumiyyətlə, ev problemləri yoxdur. Sadəcə, kimlərsə onları bu formada aldadıb”.
Deputat bildirib ki, qızının və keçmiş xanımının kimlərsə tərəfindən öyrədildiyinə inanır. Amma buna baxmayaraq, qarşı tərəf bunu boynuna almaq istəmir:
“Ancaq bunun indiki vaxtda ortaya çıxması düşündürücüdür. Niyə indiyə qədər səsin çıxmadı? Ay aliment vermir… Azərbaycanda bəlkə də ən böyük alimenti mən vermişəm – 850 manat məbləğində. Azərbaycanda kim 850 manat məbləğində aliment verir? 4 yaşından anası ilə ayrılmışıq, 14 il boyunca aliment ödəmişəm. Mən bu gün də başqa kanalda dedim ki, o da çox şey danışa bilər, mən də. Amma mən bu efirdən deyirəm ki, gedib bu məsələn araşdırın. Araşdırın, görün nə qədər aliment ödəmişəm, neçə il boyunca ödəmişəm. Görürsüz, necə inamla deyirəm? Çünki özümə arxayınam. Yəni, bunların hamısı şər və böhtandır”.
E.Nəsirov qızının 26 yaşında ailəli bir qadın olduğunu da bildirib: “Özünün 2 evi var. 2026-cı ildə o ev təhvil veriləcək. 800 manat kirayə haqqı ödəniş olaraq alırlar. Ərinin öz evi var. Dayısının 28 mayda 4 otaqlı evi var. Dayısı xaricdə yaşadığı üçün o ev onların istifadəsindədir. Babasının birotaqlı evi onların istifadəsindədir. Yəni, görün neçə evləri var. O baxımdan da kim-kim, onların “mənim evim yoxdur” deməsi mənə qarşı təxribatdır”.
Deputat həmçinin deyib ki, şəxsən özü insanlara əl tutur, kömək edir:
“Birinin kartına 100 manat, o birinin kartına 300 manat pul atıram. Bir başqasının müalicəsinə kömək edirəm. Belə bir adam öz qızını diqqətsiz qoya bilər? Ünsiyyətimiz normaldır ata-bala kimi. Bunun indiki vaxta təsadüf etməsi məqsədyönlü bir addımdır. Özünüz fikirləşin ki, son hadisələrlə bağlı ən fəal mövqedə olan mənəm. Son olaylarla bağlı kim belə aktiv mövqe bildirir, sərt danışır? Siz gecə ikən mənə TV Müsavatın efirindən zəng etdiz və mən dərhal sizə canlı efir vasitəsilə cavab verdim. Mən heç kimdən buna görə icazə almadım ki… Mən Azadlıq radiosunda, Meydan TV, Toplum TV kimi media qurumlarında, dövlətimizin əleyhinə şər-böhtan atan qüvvələrin içinə girirəm və dövlətimizi, iqtidarı, onun siyasətini müdafiə edirəm. Bunu görən bəzi qüvvələr də deyirlər ki, “bunu susduraq, səsini kəsək”. Bilmirlər nə hoqqadan çıxsınlar. Normal, kişi kimi mübarizə də apara bilmirlər. Nakişi kimi mübarizə aparırlar. Mənlə debata çıx, sözünü de, kontr arqumentlərini səsləndir. Belə yollarla mübarizə kişilikdən deyil”.
Musavat.com