BAKI, 27 oktyabr. TELEQRAF
“Avropa İttifaqı işğal olunmuş Fələstin ərazilərini ilhaq etmək üçün İsrailin istənilən addımını beynəlxalq hüququn pozulması kimi qiymətləndirəcək”.
Teleqraf xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sözçüsü Ənvər əl-Anuni Brüsseldə keçirdiyi brifinqdə deyib.
“Avropa İttifaqı 1969-cu ildən bəri işğal olunmuş ərazilər üzərində İsrailin suverenliyini tanımamaq kimi uzunmüddətli mövqeyə malikdir. Bu istiqamətdə istənilən addım beynəlxalq hüququn pozulması kimi qiymətləndiriləcək”, - o vurğulayıb.
Oktyabrın 22-də İsrail parlamenti İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində İsrailin suverenliyini genişləndirmək üçün iki qanun layihəsini ilkin oxunuşlarda təsdiqləyib. İyulun 23-də Knesset İsrail hökumətini buna çağıran bəyannamə qəbul edib. 120 üzvdən 71-i qətnamənin lehinə, 13-ü isə əleyhinə səs verib.